TürkPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri BDU-da olublar

Azərbaycanda səfərdə olan TürkPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri sentyabrın 21-də Bakı Dövlət Universitetində (BDU) bu təhsil ocağının rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmovla görüşüblər.

SİA-nın məlumatına görə, Abel Məhərrəmov təhsil ocağının tarixi, Azərbaycanın təhsil sisteminin inkişafındakı rolu, dünya elminə bəxş etdiyi töhfələr barədə ətraflı məlumat verib. Bildirilib ki, dünya şöhrətli alim Landau, görkəmli dövlət xadimi, bütün türk dünyasının liderlərindən biri Heydər Əliyev kimi şəxsiyyətlər məhz bu ali təhsil ocağının məzunları olublar.

Türkiyə Böyük Millət Məclisi Aparatının baş katibi Sadettin Kalkan, Qazaxıstan Senatı aparatı rəhbərinin müavini Berik Arın öz ölkələrinin təhsil ocaqlarının fəaliyyəti, beynəlxalq əməkdaşlığı, qanun yaradıcılığı proseslərindəki iştirakı barədə danışıblar.

Söhbət zamanı Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələr arasında əlaqələrin inkişafı, təhsil sahəsində birgə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıbdır. Hər üç ölkənin, eləcə də digər türkdilli dövlətlərin nüfuzlu təhsil ocaqları arasında birgə əməkdaşlığın, tələbə mübadiləsinin qarşılıqlı fayda gətirəcəyi vurğulanıb.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, TürkPA-nın baş katibi Ramil Həsənov iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə