KAXCP sədri: “Müxalifətin qadın namizədlərinin ümumi sayı Yeni Azərbaycan Partiyasının qadın namizədlərinin sayından azdır” - MÜSAHİBƏ

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) namizədləri sənədlərini dairə seçki komissiyalarına təqdim ediblər. Bu barədə SİA-ya Partiyanın sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Hazırda partiya tərəfindən irəli sürülən namizədlərin dairə seçki komissiyalarında qeydə alınması və onlara imza vərəqələrinin verilməsi ilə bağlı dəqiq məlumatın Mərkəzi Seçki Komissiyasında olduğunu deyən M.Mirəlioğlu namizədlərin 95 faizi imza vərəqəsini götürdüyünü deyib. O sənədləri gec təqdim edənlərin hələ də imza vərəqələlərini götürmədiyini qeyd edib: "İmza vərəqələrini götürməyənlər bir neçə nəfərdir. Bizim KAXCP, Azadlıq, Xalq, Böyük Azərbaycan və Milli Qurtuluş partiyalarından 73 nəfər namizəd irəli sürülüb. Həmin namizədlər KAXCP-nin namzədi kimi göstərilib. Bu proses digər partiyalarda hansı mərhələdədirsə, KAXCP-də də həmin mərhələdədir".

Yeni Azərbaycan Partiyasının namizədlər siyahısına da toxunan KAXCP sədri bildirib ki, iqtidar partiyası namizəd seçməkdə çətinlik çəkib. O bunun açıq-aşkar göründüyünü dilə gətirib və əlavə edib ki, namizədlərin müəyyənləşməsi hər bir partiyanın daxili işidir.

Yeni Azərbaycan Partiyasının namizədlər siyahısında qadınların sayının müxalifət partiyalarının müəyyənləşdirdiyi siyahılardakı qadın namizədlərin ümumi sayından çox olmasına gəlincə, M.Mirəlioğlu bunu müxalifətdə təmsil olunan qadınların seçkilərin demokratik şəkildə keçirilməsinə olan inamsızlığı ilə əlaqələndirib: "Müxalifəti təmsil edən qadınlar mübarizələrinin və apardığı təbliğatlarının müsbət nəticə verməyəcəyini nəzərə alaraq seçkidə iştirakdan çəkinirlər. Hər halda etiraf edirəm ki, müxalifətin qadın namizədlərinin ümumi sayı Yeni Azərbaycan Partiyasının qadın namizədlərinin sayından azdır".

KAXCP sədri rəhbərlik etdiyi partiya tərəfindən parlament seçkilərində namizədliyini irəli sürən hər bir namizədin şanslı hesab etdiyini deyib. Partiya sədri hesab edir ki, partiyanın namizədləri siyahısında olan, hətta heç kəsin tanımadığı namizədlər belə şanslıdır. M.Mirəlioğlu həmin insanların siyahıya düşdüyünə görə bəxtlərinin gətirdiyini vurğulayıb.

Ötən seçkilərdən fərqli olaraq builki seçkilərdə heç bir siyasi qüvvənin seçkiləri boykot etməməsi baxımından qarşıdan gələn seçkilərin fərqləndirici əlamətinə gəlincə, KAXCP sədri burada elə bir fərq görmədiyini dilə gətirib: "Fərq yalnız drmokratik seçkilərin keçirilməsindən sonra ola bilər. O zaman biz hər hansısa fərqlərdən danışa bilərik. Boykota gəlincə isə, bu haqda da indidən nəsə demək olmaz, bunu yalnız gələcək göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə