KAXCP-nin irəli sürdüyü namizədlər başqa partiya adından verilib?

KAXCP-nin irəli sürdüyü namizədlər başqa partiya adından verilib?

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) 7 Noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkçilərinə irəli sürdüyü namizədlərin hamısı sənədlərini dairə seçki komissiyalarında təsdiq etdirərək imza vərəqələrini götürüblər. SİA-ya bu haqda məlumat verən KAXCP-nin təşkilat komitəsinin rəhbəri Xəzər Teyyublu onlardan bir neçəsinin, o cümlədən partiya sədri Mirmahmud Mirəlioğlunun lazım olan imzaları topladığını və imzaları təhvil verməyə hazırlaşdığını bildirib.

 

X.Teyyublu açıqlamasında Mərkəzi Seçki Komissiyasından (MSK) da şikayətçi olduğunu dilə gətirib. Dairə seçki komissyalarında sənədləri təsdiq edən və imza vərəqələrini götürən şəxslərin yer aldığı siyahısına toxunan təşkilat komitəsinin sədri bildirib ki, siyahıda partiyanın adından verilən namizədlər başqa partiyaların adı ilə, ya da bitərəf olaraq təqdim edilib. O, qeyd edib ki, MSK-dan bunun anlaşılmazlıq kimi izah etməyə çalışsalar da, məsələni tam olaraq aydınlaşdırmağa çalışacaqlar: "Fikrimcə, burada anlaşılmaz bir məqam yoxdur. Namizədliyi partiya tərəfindən irəli sürülən şəxslərin sənədlərinin hamısında partiya mənsubiyyəti göstərilib".

 

MSK-nın mətbuat katibi Azər Sarıyev isə deyilənlərlə razı olmadığını diqqətə çatdırıb. Siyahılar MSK tərəfindən hazırlanmadığını deyən A.Sarıyev qeyd edib ki, qeydə alınan və imza vərəqələri alan şəxslərin adları, partiya mənsubiyyəti seçki dairələri tərəfindən onlara təqdim edilib: "Burada MSK-nın hansısa səhvindən söhbər gedə bilməz. Hansısa problem varsa, dairə seçki komissiyaları ilə əlaqə saxlayaraq həll etsinlər. Hesab edirəm ki, sözügedən partiya tərəfindən namizədliyi irəli sürülən şəxslərin özləri hansısa anlaşılmazlığa yol veriblər".

 

A.Sarıyev qarşı tərəfin konkret faktlarla danışmasını istədi.

Bütün xəbərlər Facebook səhifəmizdə