Ermənistan mediası Qarabağa xərclənən vəsaitlərin “yeyilməsindən” yazdı AKTUAL-ANALİTİKA

Sarqis Artsruni: “Korrupsiya mexanizmləri, məmur iştahaları demək olar ki, eyni dərəcədədir”
Ermənistan mediası Qarabağa xərclənən vəsaitlərin “yeyilməsindən” yazdı AKTUAL-ANALİTİKA

“Artsaxdakı” hakimiyyət də (dırnaqlar bizimdir-red.) eynilə Ermənistanda olduğu kimi kriminal-oliqarx sisteminin əlindədir”. Bu fikir erməni mediasının analitik yazarı Sarqis Artsruninin 1in.am saytında yazdığı “Müharibə kabusu və “artsaxın bitməyən iştahası” adlı yazısında qeyd olunub. Belə ki, separatçı respublikada cərəyan edən hadisələri sərt tənqidi fikirlərlə analiz edən S.Artsruniyə görə, oradakı rejimin cinayətləri Ermənistana nisbətdə az olsa da, korrupsiya mexanizmləri, məmur iştahaları demək olar ki, eyni dərəcədədir. Siyasi-araşdırmaçıya görə, 2015-ci ildə “artsaxda” xidməti avtomobillərin sayı azalsa da, onlar auksiona çıxarılmayaraq, müxtəlif məmurlar tərəfindən özəlləşdiriliblər. O, bununla yanaşı, həmin siyahını da əldə edib və ictimailəşdirib.

“Dağlıq Qarabağa yeni və daha komfortabelli maşınlar üçün 350 min ABŞ dolları ayrılıb”

“Lakin xidməti maşınların sayının azaldılması belə, ucuz təbliğatdır, çünki bu günlərdə Dağlıq Qarabağa yeni və daha komfortabelli maşınlar üçün 350 min ABŞ dolları ayrılıb”-deyə yazılan məqalədə o da bildirilir ki, ümumi dəyəri 169 milyon dram (erməni pul vahidi-red.) olan 11 maşından biri “kovsakan” icması üçün avtobus, digəri isə “şəhərsalma nazirliyi” üçün ayrılmış “Niva”dır. Onların hər ikisinin qiyməti ümumilikdə 20 milyon dramdır: “Yerdə qalan və ümumilikdə 149 milyon dram olan 9 bahalı və komfortabelli avtomobil isə məmurlar üçün ayrılıb, o cümlədən, 34 milyon dəyərində olan “Toyota” markalı maşın “parlament sədri” üçündür”.

“Ekspertlərin yeni və böyük masştablı müharibə təhlükəsinin qüvvədə qaldığını proqnoz etdikləri bir zamanda korrupsiya piramidasının çiçəklənməsi sadəcə dəhşətlidir”

Müəllif bu olayı rüsvayçılıq adlandırıb. SİTAT: “Bu rüsvayçılığa, bu biabırçılığa heç cür ad qazandırmaq mümkün deyil. Ekspertlərin yeni və böyük masştablı müharibə təhlükəsinin qüvvədə qaldığını proqnoz etdikləri bir zamanda korrupsiya piramidasının çiçəklənməsi sadəcə dəhşətlidir”.

“Mövcud vəziyyətdə ictimaiyyətin əsas şərti geniş konsolidasiyasıdır ki, bununla ədaləti tələb etmək olar”-deyə yazılan araşdırma yazıda bildirilir ki, hərgah “artsaxın” elitası öz hakimiyyətlərinin ömrünü uzatmaqdan ötrü, şəxsi komfortlarını təmin etmək üçün oliqarxik macəralarını yaşayırlarsa, burada hər hansı bir ədalətli yanaşmadan söhbət belə gedə bilməz.

“Hər bir “artsax” məmuru bahalı xidməti maşınına oturarkən xatırlamalıdır ki, onun məsuliyyətsizliyi üzündən gənc insanlar həlak olurlar”

Sarqis Artsrunini etiraf edir ki, bu problem Ermənistanda yaşayanlara da aiddir. “Sirr deyil ki, “arsaxın” büdcəsi Ermənistanın subsudiyaları hesabına dolur”-deyə qeyd edən erməni müəllifə görə, bu anlaşılandır və həmin pullar doğrudan da “artsaxın” müdafiəsinə xərclənirsə, xalq da bunu dəstəkləyər. Lakin korrupsiya və özbaşınalıqlar göstərir ki, həmin vəsaitlər elə “arsaxdaca” havaya sovrulur. “Hər bir “artsax” məmuru bahalı xidməti maşınına oturarkən xatırlamalıdır ki, onun məsuliyyətsizliyi üzündən gənc insanlar həlak olurlar”.

Göründüyü kimi, erməni müəlif bu yazısında işğal olunmuş ərazilərimizdə kriminal və korrupsiyalaşmış fərdlərin at oynatdıqlarını yazmaqla yanaşı, büdcəsi demək olar ki, boşalan Ermənistan hakimiyyətinin olan-qalan vəsaitlərinin də “dqr”ə xərcləməsindən narazılığını gizlətmir. Çünki uzun müddətdir ki, rəsmi Yerevanı idarə edən Qarabağ klanı hakimiyyətinin müddətini uzatmaqdan ötrü işğal altındakı ərazilərimizdə müharibə vəziyyətinin davamlı olmasında maraqlıdır. Bu maraq isə Ermənistan ermənilərinin ciddi narazılıqlarına səbəb olmaqdadır. Belə isə davam etməyəcəyi bəri başdan görünür. Çünki müxalifətyönlü erməni mediasında bənzər yazıların işıq üzü görməsi belə qənaətə gəlməyə əsas yaradır ki, Yerevan və Qarabağ ermənilərinin savaşı elə də uzaqda deyil. Hər halda bu amil bilavasitə etiraf edilməsə də dolayısı ilə öz təsdiqini tapmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə