Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin Dördüncü Üçtərəfli Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.
SİA-nın verdiyi məlumata görə, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrində yüksək səviyyəli inkişafdan və siyasi dialoqdan məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə əməkdaşlığının regiondakı vəziyyətə sabitləşdirici təsirə malik həlledici bir faktor olduğu qeyd edilərək, bu baxımdan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, o cümlədən, onun son iclasının nəticələrinin yüksək qiymətləndirildiyi bildirilib. Həmçinin Azərbaycan taborunun Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Əfqanıstanda Sülhyaratma missiyasında uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində geniş müzakirələr aparıldı və Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsinin regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğu vurğulanıb.
Həmçinin iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib.
Ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edildi və komissiyanın işinin daha da canlandırılmasının vacibliyi vurğulanıb. Həmçinin ikitərəfli ticarət-iqtisadi münasibətlərin inkişafında ikitərəfli və tranzit nəqliyyat imkanlarının (dəmiryolu, su və avtomobil) inkişaf etdirilməsi, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin qısa müddətdə tamamlanmasının əhəmiyyəti qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB