AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs, 1994-cü il təvəllüdlü Qədir Azadlınını hadisə zamanı yanında olan 1994-cü il təvəllüdlü Kərimli Əmir ifadə verib. O, təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını bildirib. O, hadisə zamanı gördükləri barəsində ətraflı məlumat verib: "Qədirlə dərsdən çıxdıq və onların evlərinə getdik. Yuxarı çıxıb qapını açanda iki maskalı adam arxamızca girib tapancanı başımıza dirədi. Bizə dedilər ki, tərpənməyin, sizi vurarıq. Daha sonra otaqları axtardılar və bizdən açarların harada olmasını soruşdular. Qədir də dedi ki, atam bilir. Bir az keçəndən sonra Qədirin anası zəng vurdu. Birinci dəfə Qədir telefonu götürmədi. İkinci dəfə zəng vuranda Qədir telefonu götürdü. Tapancanı dirədilər Qədirin başına dedilər ki, səsimizi çıxartsaq öldürəcəklər bizi. Mənim cibimdə də telefon var idi. Gizlətmişdim ki, onlar gedəndən sonra zəng vurum. Amma telefonumuda götürüb o biri otağa atdılar. Gedənə yaxın onlardan biri dedi ki, uşaqları öldürək digəri cavabında bildir ki, yazıqdılar. Onlar gedəndən sonra keçdik mətbəxə qollarımızı açdıq".

 

Daha sonra təqsirləndirilən şəxslər ifadə veriblər. Təqsirləndirilən Racu Mehrəliyev ibtidai istintaqa verdiyi ifadənin bəzi hissələrini təsdiqlədiyini bildirib: "Qabil Məmmədrzayevlə üç ilə yaxındı ki, tanışıam. Amma Mirzə Ağayevi tanımıram. Təsadüfən çayxanada arxamda bir nəfər imkanlı şəxs barəsində danışırdı. O, durub gedəndən sonra mən onun dalınca çıxdım. Ağ maşına əyləşdi. Nömrəsini yadımda saxladım. Bir müddət sonra həmin avtomobili Memar Əcəmi metrosunun yanında gördüm. Fikirləşdim ki, həmin imkanlı şəxs burada qalır. Daha sonra izlədim. Ətraflı məlumat əldə etdim evin sakinləri neçədə gəlir, neçədə gedir. Biz üç nəfər öz aramızda danışıb evə girmişik. Plana görə, mən həyətdə gözləməli, Elnurla Hüseyn evə girməli idi. Belə də elədik".

 

Təqsirləndirilən Qabil Məmmədrzayev isə ifadəsində törədilən cinayətlə bağlı heç bir əlaqəsinin olmadığını və ona qarşı irəli sürülən ittihamların heç bir əsası olmadığını bildirib: "Mənə qarşı irəli sürülən aktla bağlı razı deyiləm. Mən cinayət planlaşdırmamışam. Mirzə Ağayevin dediyi sözlərə gəlincə. O həmişə gəlib çayxanada müdirinin necə pullu olduğundan danışırdı. Mən də atmacalar atırdım ki "Müdirinin pulu var, gəlib oğurlayacağam". Başqa heç nə. İstintaqda göstərilib ki, mən bu cinayəti imkansızlığa görə etmişəm, banka borcum var imiş evi girov qoymuşam. Bəli elədir. Lakin bu imkansızlıq deyl ki. Müəyyən vaxtlarda 45 000, 30 000 dollar götürüb evi girov qoymuşam. Amma hamısını geri qaytarmışam. Necə olur ki, 45 000 götürüb qaytaran 20 000 minə görə imkansız olur?. Mən bu ittihamla razı deyiləm. Bu planlaşdırılan bir işdi. Televiziya kanalları bunu Əli Kərimliyə yönəldir. Xaiş edirəm ki, bunu siyasiləşdirməyin".

 

Proses sentyabrın 29-də davam etdiriləcək.

 

İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min dollar və qızıl-zinət əşyaları aparıblar.

 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...