Aydın Mirzəzadə: “Ermənistan artıq uçurumun kənarındadır” AÇIQLAMA

Aydın Mirzəzadə: “Ermənistan artıq uçurumun kənarındadır” AÇIQLAMA

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bir nömrəli prioritet məsələsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev şəxsən məsələnin həlli ilə bağlı böyük iş aparmaqdadır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, problemin həlli həm diplomatik, hərbi, həm də beynəlxalq aləmdə bu məsələ ilə bağlı aparılan böyük izahat işi ilə bağlıdır: “Bu gün Ermənistan problemin həllində maraqlı deyil. İşğalçı dövlət konstruktiv danışıqlardan qaçır və beynəlxalq ictimaiyyətin ciddi tələblərini yerinə yetirmək istəmir. Rəsmi İrəvan Ermənistan-Azərbaycan cəbhə xəttində vaxtaşırı provokasiyalarla məşğuldur. Bu il iyulun 4-də Cəbrayıl rayonunun Alıxanlı kəndində işğalçı dövlətin törətdiyi cinayət əməli əlbəttə ki, bağışlanılmazdır. Azərbaycanın yürütdüyü siyasət, atdığı addımlar Ermənistanı bu gün reallığı qəbul etməyə və Azərbaycanın mövqeyinə diqqətlə yanaşmağa məcbur edir. Ermənistan nümayəndələri vaxtaşırı Azərbaycan ordusunun bütün cəhətlərdə Ermənistan silahlı qüvvələrindən üstün olduğunu bildirdilər. Hətta rəsmi İrəvanın ekspertləri Azərbaycanın beynəlxalq aləmdəki fəaliyyətində Ermənistanın uduzduğunu bildirirlər. Ermənistan prezidenti Serj Sarkisyanın siyasi düşüncəsi həddindən artıq aşağıdır.

Ötən gün Brüssel şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin (XİN) növbəti görüşündə münaqişənin həlli ilə bağlı geniş spektirli məsələlər müzakirə olundu. Artıq bu ilin sentyabr ayında XİN rəhbərlərinin görüşü, daha sonra isə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təyin edilməsi ilə bağlı prinsipial qərar qəbul edildi. Düzdür, Ermənistan yenə də istənilən an özünü tülkü kimi göstərə bilər. Amma hesab edirəm ki, Ermənistan artıq uçurumun kənarındadır. Bu görüşlər, təkliflər onun üçün verilən son şans kimi qiymətləndirilə bilər. Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələlərlə bağlı verdiyi açıqlamalarda bir sıra prinsipial məsələlər diqqəti cəlb edir.

Birincisi, Ermənistan ötən ilin aprel hadisələrindən sonra qeyri-ciddi tələblər irəli sürmüşdü. Ancaq ötən gün XİN rəhbərlərinin görüşü, qarşıda isə Prezidentlərin görüşünün təyin edilməsi ilə Ermənistanın tutduğu yolun artıq onun özünə zərər vurduğunun fərqinə varıb. Danışıqlar prosesi bərpa edilir. Bu danışıqlar əlbəttə ki, ancaq Azərbaycan ərazilərinin işğaldan azad olunması prinsipi üzərində qurula bilər. Hesab edirəm ki, Azərbaycan Prezidentinin apardığı siyasət Dağlıq Qarabağ problemində Azərbaycanın üstünlüyünə, beynəlxalq aləmin Azərbaycanın mövqeyini qəbul etməsinə, Ermənistanın isə apardığı cinayətkar siyasətlə uçurum kənarına gəlib çıxmasını bir daha sübut edir. Bu gün Dağlıq Qarabağ probleminin həlli ancaq beynəlxalq hüquq normaları və ərazi bütövlüyünün təmin edilməsi əsasında həll edilə bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə