Azərbaycanlı alimlər Almaniyada keçiriləcək beynəlxalq arxeoloji konfransda iştirak edəcəklər

21-26 oktyabr 2010-cu il tarixdə Almaniyanın Vittenberq şəhərində "Cənubi Qafqaz və qonşu bölgələr son tunc və erkən dəmir dövründə" mövzusunda beynəlxalq arxeoloji konfrans keçiriləcək.

SİA-nın Konfransda Azərbaycan, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, ABŞ-dan alim və mütəxəssislər iştirak edəcəklər.

Almaniyanın Martin Lüter Universitetinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşrlər və elmi əlaqələr sektorunun rəhbəri, tarix elmləri namizədi Səfər Aşurov "Şərurun son tunc və erkən dəmir dövrü abidələri", institutun antik dövr arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri namizədi İ.İbrahimli "Naxçıvanın son tunc və erkən dəmir dövrü qəbir abidələri", antik dövr arxeologiyası şöbəsinin əməkdaşları - tarix elmləri namizədləri Ə.Bədəlov və C.Eminli "Naxçıvanın son tunc və erkən dəmir dövrü abidələri" mövzularında məruzələrlə çıxış edəcəklər.

Bundan başqa, 2008-ci ildən Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisindəki Oğlanqala qədim yaşayış yerində birgə fəaliyyət göstərən Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının apardığı tədqiqatlarla bağlı AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix elmləri namizədi Səfər Aşurov və ABŞ–ın Pensilvaniya Universitetinin alimləri Hillari Kopnik və Lauren Ristvetin birgə məruzəsi dinləniləcəkdir.

Konfrans zamanı Qafqaz arxeologiyası ilə bağlı məsələlər də müzakirə ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə