Diaspor təşkilatları beynəlxalq qurumlara etiraz məktubları göndərib

Diaspor təşkilatları beynəlxalq qurumlara etiraz məktubları göndərib

Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azəbaycanlı Qadınlar Birliyi və “Odlar yurdu” Cəmiyyəti Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar.

Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilməsini pisləyən etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb.

Bəyanatda bu faciənin Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olması, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha açması vurğulanır. Niderlanndakı soydaşlarımız dünya ictimaiyyətini atəşkəs dövründə baş verən təxribatlara, hücumlara və dinc əhalinin qətlə yetirilməsinə lazımi reaksiya verməyə, bütün bu ədalətsizliklərə biganə qalmamağa çağırıb.

Etiraz məktubunda, həmçinin, 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın indiki prezidenti Sarkisyanın Azərbaycan xalqına qarşı dünyanın gözləri qarşısında eyni soyqırımı siyasətini davam etdirdiyi diqqətə çatdırılır. Müraciətin sonunda qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha Ermənistan bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə olduğunu göstərir.

Bəyanat BMT-yə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına göndərilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə