Niderlandda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirəcəklər

Niderlandda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirəcəklər

Niderland Krallığında yaşayan azərbaycanlılar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Quliyevan və onun ikiyaşlı nəvəsi Zəhranın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistanın Haaqada yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildirilib ki, aksiyada “Ermənistan, təcavüzə son qoy!”, “Uşaq qatilləri cəzasız qalmasın”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək.

Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutmaları barədə məlumat dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Niderland Avropalı Azərbaycanlılar Cəmiyyətinin sədri Emil Əliyev digər ölkələrdə yaşayan azərbaycanlıları da aksiyaya qoşulmağa dəvət edib.

Aksiyanın təşkili ilə əlaqədar icazə alınması üçün müvafiq orqanlara müraciət olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə