“Azərbaycan yaşıl dünya naminə” Beynəlxalq sərgi təşkil olunub

Bu gün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi dəstəyi ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Azərbaycan yaşıl dünya naminə" devizi altında təşkil olunan Beynəlxalq ekoloji sərginin stendlərinə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və digər dövlət nümayəndələri tərəfindən baxış keçirilib. SİA-nın məlumatına görə, beynəlxalq sərgidə ekoloji problemlərin həllində qabaqcıl təcrübəyə malik 30-a yaxın xarici, eləcə də yerli şirkətlər, o cümlədən dövlət qurumları və qeyri hökumət təşkilatları iştirak ediblər.
Cari ilin Azərbaycanda "Ekologiya ili" elan olunması münasibəti ilə keçirilən sərginin əsas məqsədi ölkəmizdə və digər xarici ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin və "yaşıl" texnologiyaların geniş auditoriyaya təqdim edilməsi, bu sahədə şirkətlər tərəfindən qazanılmış qabaqcıl təcrübənin nümayiş etdirilməsi, təcrübə mübadiləsinin aparılması, yeni əlaqələrin qurulmasıdır.
 "Azərbaycan Yaşıl Dünya naminə" beynəlxalq sərgi ətraf  mühitlə  bağlı bütün sahələri (xüsusi mühafizə olunan təbiət əraziləri, su bioresursları, meşələr, ətraf mühitin monitorinqi, hidrometeorologiya, neft-qaz sektoru, meliorasiya və su təsərrüfatı, su təchizatı və kanalizasiya, kənd təsərrüfatı) əhatə edir.
Qeyd edək ki, sərgidə iştirak edən xarici şirkətlər müasir texnologiyaların tətbiqini nümayiş etdirməklə müvafiq texnologiyaların ölkəmizdə tətbiqi üçün geniş imkanlar açacaq.
Sərgi üç gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə