Aydın Mirzəzadə: “Ermənistanın bu provokasiyası cəzasız qalmayacaq” AÇIQLAMA
“Ermənistan növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində maraqlı olmadığını və müharibənin ən çirkin variantlarını aparmaq istəyində olduğunu göstərdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, dinc əhaliyə qarşı mübarizə aparılmamlı və onların evlərinin dağıdılması qarşıya məqsəd kimi qoyulmamalıdır: “Ancaq Ermənistan silahlı qüvvələri bunu etməklə Azərbaycan ictimaiyyətində gərginlik yaratmaq, 90-cı illərin xofunu qaytarmaq və situasiyada təşəbbüsü ələ almağa çalışır. Onlar undurlar ki, Azərbaycan dövləti müstəqilliyini daim möhkəmləndirir, qüdrətlənir, o cümlədən günün tələblərinə cavab verən Silahlı Qüvvələrini gücləndirir. Ermənistanın bu provokasiyası cəzasız qalmayacaq. Ermənistan bunun cavabını alacaq. Azərbaycan dövlətinin ən ümdə vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Ermənistanın bu hərəkəti onun azğınlığını, cəbhə xəttində vəziyyəti gərginləşdirmək üçün bütün çirkin yollara əl atdığını göstərir. Bu məsələdə Azərbaycan dövləti özünün qətiyyətini göstərib və göstərəcək də.
Eyni zamanda bu məsələ ilə bağlı Azərbaycan dövləti beynəlxalq təşkilatlara müraciət edəcək. Bu məsələdə Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin də kəskin mövqe ortaya qoymasını istəyir. Əgər həmsədrlər Ermənistanın siyasətinə prinsipial qiymət versə idi, Ermənistanın işğal olunmuş torpaqlarından qoşunların çıxarılmasını tələb etsəydi vəziyyət bu həddə çatmazdı. Xaricdə müəyyən qüvvələr tərəfindən şıltaqlığı dəstəklənən Ermənistan ötən gün Azərbaycana qarşı növbəti azğınlığını göstərdi. Hesab edirəm ki, Ermənistan bunun cavabını heç də uzaq olmayan bir zamanda alacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə