QMİ rəsmisi Hacı Cavad məscidinin sökülməsinə münasibət bildirdi EKSKLÜZİV
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullayev Hacı Cavad məscidinin sökülməsinə münasibət bildirib.
Sədr müavini SİA-ya açıqlamasında deyib ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sadəcə olaraq, yeri dəyişdirilir: “Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Hacı Cavad məscidinin inşası üçün yeni torpaq sahəsi ayrılıb. Hacı Cavad məscidi hazırda yeni ünvanda – Abbas Mirzə Şərifzadə 1 ünvanında yenidən tikilir. Yaxın vaxtlarda həmin məscid mömin insanların istifadəsinə veriləcək. Artıq dünəndən köhnə məsciddən bəzi əşyaların yığılmasına başlanılıb”.
Hacı Fuad bu cür işlərə manə olan qüvvələrə də cavab verib: “Onlar istəyirlər ki, bu gün dövlətin gördüyü işlərə qara yaxsınlar və insanları çaşdırsınlar. Biz bunların hamısını bilirik və xəbərimiz də var. Əgər kimsə inanmırsa gəlib görə bilər ki, Hacı Cavad məscidi hazırda yeni ünvanda – Abbas Mirzə Şərifzadə 1 ünvanında yenidən tikilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə