Azərbaycan Tələbələr Birliyinin 2 yaşı tamam olur

Azərbaycan Tələbələr Birliyinin 2 yaşı tamam olur

Bu gün Azərbaycan Tələbələr Birliyinin yaradılmasından iki il ötür. Bu münasibətlə Birliyin ofisində İdarə Heyətinin üzvləri, işçi heyəti və müxtəlif universitetdən olan tələbələrin iştirakı ilə 2 illik dəyərləndirmə görüşü keçirilib.

SİA-nın məlumatına görə, görüş zamanı iki illik fəaliyyət çərçivəsində Birliyin dünyanın ən böyük tələbə təşkilatlarından olan İAESTE-yə və Avropada böyük nüfuza malik olan Avropa Tələbələr Birliyinə üzv olması yüksək qiymətləndirilib.

Həmçinin, Birliyin ötən 2 il ərzində həyata keçirdiyi layihələrin tələbələrin həatındakı rolu və önəmi vurğulanıb.

Görüşdə çıxış edən Birliyin sədri Elvin Aslanov vurğulayıb ki, "Azərbaycan Tələbələr Birliyi ilk dəfə dinindən, irqindən, cinsindən, milliyətindən asılı olmayaraq bütün tələbələri öz ətrafında birləşdirən müstəqil bir təşkilatdır. Bu baxımdan gələcəkdə də Birliyin müstəqil şəkildə tələbələri öz ətrafında birləşdirməsi və tələbələr üçün müxtəlif proqramlar həyata keçirməsi planlaşdırılıb".

Bundan əlavə görüşdə çıxış edən İdarə Heyətinin sədri Anar Süleymanov, baş katib Vüqar Rüstəmli, digər katiblər və tələbələr öz fikirlərini bildirərək, Birliyin ölkəmizdə tələbə hərəkatının inkişafındakı rolunu xüsusi qeyd ediblər.

Sonda gələcək fəaliyyət planı müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə