MSK gələn həftədən reklam plakatlarının paylanılmasına başlayacaq
"Mərkəzi Seçki Komissiyası əvvəlki seçkilərdə olduğu kimi builki seçkilərdə də maarifləndirmə proqramını həyata keçirir". SİA-ya açıqlamasında bu sözləri deyən Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, maarifləndirmə proqramının tərkib hissələrindən biri də seçicilərin seçki hüququ ilə bağlı çağırış xarakterli plakatların çap edilməsidir.
Bu siyahıya seçki siyahılarında seçici adlarının axtarılması, internetdə axtarış sistemi, seçicilərin seçkilərə çağırışı, səsvermə qaydaları, səsvermə günü istifadə olunan şəffaf mürəkkəblərdən istifadə qaydaları, seçicilərin seçki günü atacağı addımlar və bu kimi maarifləndirici plakatların daxil olduğunu söyləyən A.Sarıyev artıq seçki siyahıları və seçicilərin axtarış sistemi ilə bağlı plakatların MSK tərəfindən sifariş verildiyini və həmin plakatların mətbəədən çıxdığını qeyd edib: "Hazırlanan plakatlar gələn həftədən başlayaraq dairə seçki komissiyalarına təhvil veriləcək. Dairə seçki komissiyaları isə onları məntəqə seçki komissiyaları arasında paylayacaq. Yerli icra strukturları ilə də razılıq əldə olunub ki, bu plakatlar əsasən əhalinin gediş-gəlişinin sıx olduğu yerlərdə qurulsun və maarfləndirmə tədbirlərinin effekti daha çox olsun".
A.Sarıyev plakatların dairə seçki komissiyaları arasında əhalinin sayına görə, bölünəcəyini bildirib. O, plakatların seçki dairələrinə qrafiklə paylanılacağını diqqətə çatdırıb. Belə ki, dairə seçki komissiyalarına xəbər veriləcək və qrafikə uyğun olaraq hər gün 20-30, bəzən də 40 dairə seçki komissiyasına plakatlar veriləcək. Mətbuat katibi növündən asılı olaraq plakat sayının 20-30 min arasında olacağını vurğulayıb.
MSK-nın mətbuat katibi namizədlərin şəkillərinin yerləşdiriləcəyi lövhələrin də dairə seçki komissiyalarına veriləcəyini, daha sonra isə məntəqə seçki komissiyalar arasında paylanılacağını söyləyib. A.Sarıyev hər məntəqə seçki komissiyasının yaxınlığında bir lövhənin yerləşdiriləcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB