Masallıya “Bilik günü” hədiyyəsi

Masallıya “Bilik günü” hədiyyəsi

Masallı rayonunun təhsil işçiləri yeni tədris ilini bir sıra yeniliklərlə qarşılayıblar. Rayon Təhsil Şöbəsindən (RTS) SİA-nın cənub bürosuna verilən məlumata görə, "Bilik günü"ndə tikintisi başa çatan 2 məktəbin- Digah və Ərkivan qəsəbə 2 saylı orta məktəblərinin açılışı olub, bundan əlavə şəhər 2 saylı orta məktəbində əsaslı, Şərəfə, Təzə Alvadı 2 saylı orta, Məmmədxanlı əsas məktəblərində aparılan cari təmir işlərindən sonra şagirdlərin ixtiyarına verilib.

Ötən dərs ili ərzində RTŞ kadr seçiminə diqqətlə yanaşaraq öz işinin öhdəsindən gələ bilməyən kadrları yeniləri ilə əvəz edib, ötən dövr ərzində 20 məktəb direktoru işindən kənarlaşdırılıb. Bu sahədə əsas meyar günün tələblərinə cavab verə bilən, təlim metodlarını tətbiq etməyi bacaran – bir sözlə yeni dövrün müəllimi olmaq əsas götürülüb.

Rayon üzrə ümumilikdə 952 nəfər məzun ali məktəbə sənəd verib. Bu ilki məzunlardan 250 nəfər ,əvvəlki illərin məzunlarından isə 84 nəfər tələbə adını qazanıb. Ümumilikdə bu il 307 nəfər ali məktəblərə daxil olub.

Qeyd edək ki, Masallı rayonunda 63 tam orta məktəb, 4 ibtidai məktəb fəaliyyət göstərir. Yeni tədris ilində 28998 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3075 nəfər müəllim məşğul olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə