Avropa Məhkəməsi Hrant Dink ilə bağlı qərarını verdi

Avropa Məhkəməsi Hrant Dink ilə bağlı qərarını verdi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Türkiyədə sui-qəsd nəticəsində öldürülən erməni jurnalist Hrant Dink ilə bağlı hökm verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hökmdə Türkiyə günahkar hesab edilir.

 

AİHM Türkiyənin Avropa İnsan Haqları Konvensiyasının 2,10 və 13-cü maddələrini pozduğunu bildirib. Məhkəmənin verdiyi hökmə görə, Türkiyə Dinkin yaxınlarına məhkəmə xərcləri də daxil olmaqla 133 min avro ödəməlidir. Məhkəmə Dinkin ailəsinin fərqli tarixlərdə etdikləri beş ayrı müraciəti birləşdirərək ortaq bir hökm verib. Dinkin ailəsinin etdiyi müraciətdə də Türkiyə tərəfindən Avropa İnsan Haqları Konvensiyasının yuxarıda göstərilən maddələrinin pozulduğu göstərilmişdi. Müraciətdə "dövlətin, Hrant Dinkin yaşamaq hüququnun qorunması ilə əlaqədar məsuliyyətini yerinə yetirə bilmədiyi" ifadə olunmuşdu.

 

Qeyd edək ki, 2007-ci il yanvarın 19-da İstanbulun izdihamlı küçələrindən birində erməni əsilli jurnalist, "Agos" qəzetinin redaktoru Hrant Dink redaksiyasının qarşısında öldürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə