Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovun SİA-ya müsahibəsi:
- Seymur müəllim, bildiyiniz kimi ölkəmizdə hər il 15 İyun Milli Qurtuluş Günü kimi qeyd olunur. Ümumiyyətlə bu tarixi hadisəyə zəmin yaradan əsaslar nədən ibarət idi?
- Həqiqətən də Azərbaycanın müasir, çağdaş tarixində Qurtuluş Gününün önəmi çox vacibdir. Çünki Qurtuluş Günü Azərbaycana heç də asan başa gəlməyib. Bildiyiniz kimi bu gün Azərbaycan 25 illik bir müstəqillik dövrünü yaşayır. Əgər biz o dövrdə nəzər salsaq görərik ki, ölkəmizin ən acınacaqlı dövrü məhz Qurtuluş Gününə qədərki zaman olub. Çünki Azərbaycan həmin vaxtlar yenicə müstəqil olmuşdu. SSRİ dağıldıqdan sonra Azərbaycanda bütün iqtisadi əlaqələr kəsilmişdi. Ölkəmiz yeni bir iqtisadi formasiyadan digər iqtisadi formasiyaya transformasiya etməli idi. Azərbaycan öz iqtisadiyyatını, sosial vəziyyətini, ictimai baxışlarını dəyişməli idi. Onsuz da bu proses ağır və zaman tələb edən bir proses idi. Bildiyiniz kimi o vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi artıq müharibəyə çevrilmişdi. Beləcə, müstəqilliyin atributları, göstəriciləri və s. heç biri işlək vəziyyətdə deyildi. Bu cür idarə olunan cəmiyyətdə isə ortaya anarxiya, özbaşınalıq və yaxud hansısa qanunsuz qruplaşmaların hakimiyyətə gəlməsi çıxır. Bütün bu hadisələrin fonunda xalq Ümummilli Lider Heydər Əliyev müraciət etdi. O zamanlar məhz Ulu Öndərə 91-lərin müraciəti oldu. 4 iyun Gəncədə qiyam baş vermişdi. Bu o deməkdir ki, Azərbaycan artıq vətəndaş müharibəsinin astanasında idi. 9 iyunda Heydər Əliyev Bakıya qayıtdı və 15 iyunda Ali Sovetin sədri seçildi. Bununla da Azərbaycan dövlətçiliyini sənəd üzərində deyil, real dövlət kimi formalaşdırmağa başladı.
- Bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən struktur dəyişiklikləri, dövlət idarəçiliyində islahatlar həyata keçirildi. Bu dəyişikliklərin üstün cəhətləri haqqında nələri söyləmək olar?
- Biz gənclər tərəfindən bu dəyişikliklər çox müsbət qarşılandı. Qeyd etdiyim kimi Azərbaycan 25 ildir ki, müstəqil dövlətdir. Biz dövlətimizi qurmuşuq və formalaşdırmışıq. Bu gün hər kəsə məlumdur ki, Prezident Administrasiyasında böyük struktur islahatları getdi və yeni komanda formalaşdı. I Vitse-Prezidentlik İnstitutu formalaşandan sonra həmin amillər bunu zəruri edən məsələlərdən biri idi. Bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında yeni - Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb. Bu vəzifəyə Yusuf Məmmədəliyev təyin edildi. Biz analiz, müşahidə etdikdə görürük ki, bu proses davam edir. Prezidentin imzalamış olduğu sərəncamlar, struktur dəyişiklikləri birbaşa Azərbaycanın dövlətçiliyinin, dövlət quruculuğunun möhkəmlənməsinə, onun hüquqi bazasının daha da möhkəm olmasından xəbər verir. Biz Prezident İlham Əliyevin fəaliyyətini hər zaman dəstəkləmişik və bundan sonra da bu davam edəcək. Nəticə etibarilə qazanan bizim cəmiyyətimiz olmuşdu.
- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gələcək fəaliyyəti haqqında nə deyərdiniz?
- Təbii ki, bizim həyata keçirdiyimiz layihələrin bir çoxu sosial layihələrdir. Onları iş planımıza uyğun olaraq həyata keçiririk. Bizim Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə Eko-Parkda tədbirimiz olacaq. “Ekologiyanı qoruyaq” devizi altında tədbirimiz baş tutacaq. 15 İyun Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirləri həyata keçirmişik. Azərbaycanın tanınmış ziyalıları ilə gənclərin görüşünü təşkil edirik. Məsələn, ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunları ilə bağlı bir sıra layihələr həyata keçirdik. Eləcə də Azərbaycan Velosiped İdman Federasiyası ilə birgə “İslam Oyunlarına dəstək” devizi altında Bakı-Sumqayıt-Abşeron komandaları arasında velosiped turniri təşkil etmişdik. Biz Formula-1-ə dəstəklə bağlı bu yaxınlarda Kartinq yarışı həyata keçirəcəyik. Bu da ki bizim gənclərimizi həm Formula-1-ə həvəsləndirmək, həm də onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Bizim digər layihəmiz gənclərin Yay məktəblərini təşkil etməkdir. Hal-hazırda bu istiqamətdə işlər gedir.
- Ümumiyyətlə bu il gözlənilirmi gənclərin Yay məktəbinin təşkil olunması?
- Biz sadəcə olaraq gənclərin Yay məktəbinin formatında bir qədər dəyişiklik etməyi nəzərdə tutmuşuq. Bilirsiniz ki, Azərbaycan aprel döyüşlərində böyük bir ruh qazanmışdı. O ruhu yaşatmaq üçün belə bir təklif gəldi ki, Yay məktəbini daha çox səhra şəraitində, hərbi rejimdə həyata keçirək. Məsələn, gənclərimiz 1 həftə çadırlarda yaşasınlar və əsgər yeməkxanalarından istifadə etsinlər. Eyni zamanda orada hərbi biliklərlə bağlı idman tədbirləri də nəzərdə tutulur. Bu məsələlər bu ilin iyul ayının ikinci ongünlüyündən sonra reallaşarsa biz onu təşkil edəcəyik.
- Son olaraq həm müxalifətyönlü gənclərin, həm də erməni təxribatçılarının əməllərinə qarşı iqtidaryönümlü gənclər hansı işlər görürlər?
- İlk növbədə bu kimi işlərdə birinci maarifləndirmə getməlidir. Bəzi saytlar, xəbər portalları var ki, onlar cəmiyyəti bilərəkdən səhv məlumatlandırmağa çalışırlar. Onlar istəyirlər ki, informasiyanı başqa cür çatdırsınlar. Bu cür texnologiyadan dünyada istifadə olunur. Bəzən bu texnologiyadan istifadə edərək bəzi dövlətlərdə çevrilişlər, iğtişaşlar, daxili müharibələr, vətəndaş müharibələri kimi hadisələri törədiblər. Təbii ki, bizim gənclərimiz bunların qarşısını almaq üçün sosial şəbəkələrdə haqsız məqalələr, yazılar çıxanda, şər-böhtan atılan zaman buna öz etirazlarını bildirirlər. Nəticə etibarilə əsas məqsəd ondan ibarətdir ki, bizim dövlətimiz möhkəm olsun. Biz tənqidə, dialoqa hər zaman açığıq. Amma bunun bir həddi və hüdudu var. Gördüyümüz tədbirləri, həyata keçirdiyimiz layihələri orada paylaşırıq. YAP GB tək mərkəzi ofisdən ibarət deyil. Bizim Bakı, Sumqayıt və digər regionlarımızdakı təşkilatlarımız da bu proseslərdə aktiv iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB