Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev bildirib ki, layihəyə edilən təklif ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur.
Layihəyə əsasən, hazırlıq qruplarında tədrisin sonunda keçiriləcək buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.
Bildirilib ki, məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.
Müzakirələr zamanı bəzi deputatlar layihənin anlaşılmaz olduğunu qeyd ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov isə “Təhsil haqqında” qanunun ətrafında yaranan anlaşılmazlığa aydınlıq gətirib. O deyib ki, layihədə imtahansız universitetə qəbul məsələsi qeyd olunmayıb: “Layihədə qeyd olunub ki, hazırlıq qruplarında kurs keçənlər də həmişəki qayda ilə imtahan verəcəklər. Burada anlaşılmayan nə var? Qanun layihəsini diqqətlə oxusanız, bunu görərsiniz. Bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi dərhal onun arxasında korrupsiyanın olduğunu düşünürük. Baxın, bəla budur”.
Hər il Azərbaycanda ali məktəbə imtahan verən tələbələrdən 40 min nəfərinin kənarda qaldığını deyən spiker onlardan 20 min nəfərinin xaricə təhsil almağa getdiyini bildirib: "Qanun layihəsi məhz ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq məqsədi daşıyır. Nəyə görə həmin tələbələri ölkəmizdə hazırlıq kursuna cəlb etməyək? Nəyə görə onlar xaricə gedib pullarını orada xərcləməlidirlər. Artıq qanun layihəsinə əsasən, Azərbaycanda1 illik hazırlıq kursuna getməklə növbəti il də ali məktəbə daxil olmaq mümkün olacaq".
Daha sonra çıxış edən millət vəkili Qüdrət Həsənquliyev layihədə təklif olunan dəyişikliyi dəstəklədiyini dilə gətirib. Azərbaycanda tələbələrin sayının region ölkələrində olan tələbələrin sayından az olduğunu deyən deputat ölkəmizdə keçid balının ləğvini təklif edib: "Keçid balı ləğv edilməlidir. Ali məktəbə ən yüksək bal toplayan tələbələr qəbul olunmalıdır".
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB