Bu gün Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirilir
Bu gün Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi-referendum keçirilir. Referendumda 49 milyondan çox seçicinin iştirak edəcəyi nəzərdə tutulub. SİA-nın məlumatına görə, iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) Konstitusiyaya əlavə dəyişikliklər bağlı hazırladığı qanunlar paketi əsasən insan hüquq və azadlıqlarının daha da genişlənməsini nəzərdə tutur.
Konstitusiyaya təklif olunan önəmli dəyişikliklərdən biri şəxsi məlumatların qorunması haqqının təsbit edilməsidir. Belə ki, bununla bağlı referenduma çıxarılacaq maddədə deyilir ki, hər kəs özü ilə bağlı şəxsi məlumatların qorunmasını istəmə haqqına sahibdir. Şəxsi məlumatlardan yalnız qanunda nəzərdə tutulan hallarda və şəxsin açıq razılığı ilə istifadə oluna bilər. Yeni mətndə həmçinin vətəndaşların hüquqları ilə əlaqədar digər dəyişikliklər də var. Əvvəllər məmurların yazılı sərəncamları ilə ölkədən çıxış haqqı məhdudlaşdırılırdı, lakin yeni maddə bunun ancaq məhkəmə qərarı ilə mümkün olacağını bildirilir.
Bundan başqa, Konstitusiyaya əlavə olunacaq yeni maddə ilə Türkiyədə ilk dəfə insan haqları üzrə müvəkkil – Ombudsman institutu yaradılacaqdır. Digər mühüm bir maddə isə hərbi məhkəmələrin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlıdır. Konstitusiyaya dəyişikliklər qəbul olunsa hərbi məhkəmələr ölkənin təhlükəsizliyi, Konstitusiyanın müddəalarının pozulması ilə əlaqədar cinayətlərə baxmayacaqlar. Mülki şəxslər isə, müharibə vəziyyəti istisna olmaqla hərbi məhkəmələrdə mühakimə olunmayacaqlar. Yeni təkliflərə görə, Konstitusiya Məhkəməsinin strukturu da dəyişdirilir. Bu məhkəmə iki palata və Baş Məclisdən ibarət olacaqdır. Ən başlıcası, ölkənin hakim və prokurorlarının təyinatını həyata keçirən Hakim və Prokurorlar Yüksək Komissiyasının tərkibi və fəaliyyət prinsipləri dəyişdiriləcəkdir. Yeni təyinatlarla bağlı ölkə Prezidentinə və parlamentə geniş səlahiyyətlər verilir. Yüksək Seçki Komissiyasının referendumla bağlı açıqladığı qadağalar da bu gündən qüvvəyə minib.
Kütləvi İnformasiya Vasitələri referendumun keçirildiyi gün saat 20.00-a qədər referendumla bağlı heç bir məlumat yaya bilməz. Səsvermə günü isə səhər saat 6-dan etibarən ölkədə spirtli içkilərin satışı və içilməsi qadağan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB