Tarixi qayıdış

4 iyun Gəncə hadisələrindən 24 il ötür

Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik taleyi çətinliklərlə dolu olub. Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı və müxtəlif adamların tabeçiliyində olan qeyri-qanuni silahlı birləşmələrin özbaşınalığı, talançılığı və qanunazidd əməlləri vəziyyəti getdikcə gərginləşdirirdi. 1992-ci ilin mayında hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi addımbaşı öz bəlalı nəticəsini büruzə verirdi. Məhz bunun sayəsində ictimai həyatın bütün sahələrində xaos və hərc-mərclik baş alıb gedirdi.

Vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə

Azərbaycan özünün milli və dövlət müstəqilliyini əldə etdikdən sonra həm ölkə daxilində cərəyan edən proseslər, həm də xaricdən olan təzyiqlər ölkənin dövlət müstəqilliyinə çox ciddi təhlükə yaratmışdı. AXC-Müsavat hakimiyyəti bu təhlükələrin sovuşdurulması istiqamətində lazımi tədbirləri görmək iqtidarında deyildi. Təbii ki, bütün bunlara görə də, Azərbaycan vətəndaşları həm ölkəmizin müstqilliyinin başının üstünü almış təhlükəni sovuşdurmaqdan ötrü, həm də digər təhdidlərin qarşısının alınması üçün real addıımların atılmasını gözləyirdilər.

Belə bir ağır məqamda, Azərbaycan hakimiyyəti vəziyyətin daha da ağırlaşmasına yol açan məntiqsiz qərarlar verməkdə davam edir, ölkəni, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də sabiq korpus komandiri, AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi və Gəncədə yerləşən 709-cu briqadanın ləğvi ilə bağlı əmr imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim barədə qərara tabe olmayan Surət Hüseynov isə tabeçiliyində olan hərbi hissənin əsgərlərinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Artıq ölkə vətəndaş müharibəsinin astanasında idi. Məhz belə bir çətin zamanda, xalqın diqqəti Naxçıvana yönəlmişdi. Çünki düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Dahi Öndər Heydər Əliyev dövlətin yeganə nicat yolu idi. Ona görə də, Vətənin bu ağır günündə, xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın o zamankı hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

Sonralar Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı bildirirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Ulu Öndər Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Vətəndaş cəmiyyəti institutlarının hələ formalaşmadığı, üstəlik, xarici işğala məruz qalan ölkəni yalnız Ümummilli Liderimiz Heydər Əliyev xilas edə bilərdi və etdi də. Bu gün Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı millət-dövlət tandeminin üzərində qurulduğu üçün sarsılmazdır. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət ölkəmizi bütün sahələrdə uğurdan-uğura daşıyır. Əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkədə vətəndaş cəmiyyətinin inkişafına yol açıb.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə