Erməni lobbisinin təxribatı baş tutmadı

Erməni lobbisinin təxribatı baş tutmadı

Anti-Azərbaycan qüvvələrin Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və siyasi proseslərə təsir göstərmək cəhdi iflasa uğradı

Kimsəyə sirr deyil ki, Azərbaycan Cənubi Qafqaz regionunun və dünyanın ən sabit və təhlükəsiz ölkələrindəndir. Azərbaycan, yalnız işğalçı Ermənistan istisna olmaqla, bütün region ölkələri ilə qarşılıqlı maraqlara, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan mehriban qonşuluq siyasəti həyata keçirir. Çünki Azərbaycanda formalaşmış mühit və bu mühit çərçivəsində hakimiyyətin apardığı uğurlu siyasət, ümumiyyətlə, sabitlik faktorunun Azərbaycan modelinin nə qədər əhəmiyyətli olduğunu nəzərə çarpdırmaqdadır. Hətta bu gün dünyanın ən aparıcı dövlətləri belə, Azərbaycanın sabitlik modelinin öyrənilməsini bir nümunə kimi göstərirlər.

Gürcüstan və Azərbaycan xalqlarının yaxınlığı fonunda, eləcə də, hər iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri inkişaf edir

O cümlədən, digər qonşumuz - Gürcüstan da ölkəmizin strateji tərəfdaşı qismində çıxış edərək, qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində yaxından iştirak edən ölkədir. Əlbəttə, Gürcüstanla Azərbaycan arasındakı tarixi bağlar müasir zamanlarımıza qədər möhkəm şəkildə qalmaqla yanaşı, xalqlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri də həmin münasibətlərin möhkəmlənməsinin bariz nümunəsi kimi göstərilə bilər. Beləliklə, Gürcüstan və Azərbaycan xalqlarının yaxınlığı fonunda, eləcə də, hər iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri inkişaf edir.

Gürcüstanda da fəaliyyət göstərən bir çox təşkilatlar bu ölkənin Azərbaycanla münasibətlərini pozmaq istəyində olan maraqlı dairələrdən xəbərdardırlar

Təəssüf doğuracaq bir sıra məqamlar da mövcuddur ki, bəzi mənfur qüvvələr Azərbaycanda mövcud olan sabitliyə və uğur qazanmış mehriban qonşuluq siyasətinə pəl vurmağa çalışırlar. Anti-Azərbaycan baxışlı yerli və xarici qüvvələrin maliyyələşməsində aparıcı rol alan erməni lobbisi də əlində olan bütün rıçaqlardan istifadə etməyə cəhdlər göstərir. Əbəs yerə deyil ki, artıq Gürcüstanda da fəaliyyət göstərən bir çox təşkilatlar bu ölkənin Azərbaycanla münasibətlərini pozmaq istəyində olan maraqlı dairələrdən xəbərdardırlar. Daha dəqiq desək, artıq bir fakt da gizli deyil ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən düşmən dairələr, xüsusilə də, Ermənistan və erməni lobbisi uzun illərdir Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd göstərirlər.

Ermənistan və erməni lobbisi tərəfindən maliyyələşdirilən anti-milli ünsürlər Azərbaycana qarşı istifadə olunmağa başlanıb

Təsadüfi deyil ki, həmin qüvvələr zaman-zaman Gürcüstan ərazisini Azərbaycanın daxili işlərinə müdaxilə məqsədilə plasdarma çevirərək, öz çirkin niyyətlərin reallaşdırmağa çalışıblar. Ötən illər ərzində qonşu Gürcüstanın ərazisi anti-Azərbaycan qüvvələr - Ermənistan və erməni lobbisi tərəfindən maliyyələşdirilən anti-milli ünsürlərin aktiv fəaliyyət meydanına çevrilməklə yanaşı, həmin qüvvələrdən Azərbaycana qarşı istifadə olunmağa başlanıb.
Ancaq hər bir cinayət tərkibli əməlin gizli qalmadığı kimi, bu kimi çirkin məqsədli mənfur planın iştirakçıları da ifşa olundular. Məhz Azərbaycan və Gürcüstan hakimiyyətləri, hüquq- mühafizə orqanlarının birgə səyləri nəticəsində həmin anti-Azərbaycan şəbəkəsi, onu dəstəkləyən dairələr, maliyyə təminatı və digər bu kimi məsələlər ifşa edildi, bu təxribatçı fəaliyyətin qarşısının alınması üçün konkret tədbirlər hazırda da həyata keçirilməkdə davam edir.

Ermənistan KİV-ləri Əfqan Muxtarlını müdafiə edir - səbəbi?

Məsələn, son günlər saxlanılması ətrafında süni ajiotajlar yaratmağa çalışan "jurnalist" Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması anti-Azərbaycan şəbəkənin əsl simasını açdı, bu prosesin iştirakçılarını ifşa etdi. Elə də uzağa getməyərək, baş verənlər ətrafındakı reaksiyaları düşmən Ermmənistan mediasından izləyə bilərik. Belə ki, Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV-lər və təşkilatlar xəyanətkar Əfqan Muxtarlını ciddi-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə, Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə cəhdlər göstərirlər. Ermənistan mediası Gürcüstandakı anti-Azərbaycan şəbəkənin dağıdılmasını "Gürcüstanın nüfuzuna xələl gətirən" hal, Azərbaycanın Gürcüstana qarşı "təxribatı" kimi qələmə verməyə çalışır. Mənfur maraqların səbəbi də, məhz budur.

Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr tam əks- mənzərə ilə rastlaşdılar

Nəticədə isə, bir amil nəzərə çarpır - onlar iki ölkə və xalq arasında olan dostluq münasibətlərini pozmaq niyyətlərini güdürlər. Ancaq onların bu cəhdləri də puça çıxacaq. Belə ki, artıq gürcü xalqının da aparıcı simaları belə siyasi teatrlaşdırılmış oyunlara inanmadıqlarını bəyan ediblər. Yəni bu gün həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları bütün bunların Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu görür və təxribata uymurlar. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr tam əks- mənzərə ilə rastlaşır və qərəzli bəyanatlar verməkdən başqa bir iş görə bilmirlər. Davam edəcəkləri təqdirdə isə, daha çətin və çıxılmaz duruma düşərək, məğlubiyyət bataqlığında boğulmağa məhkum olacaqlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə