İctimai dinləmələr davam etdirilir

İctimai dinləmələr davam etdirilir

Xəbər verildiyi kimi, Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) respublikamızın hər bir rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə ictimai dinləmələr keçirir.

Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, növbəti ictimai dinləmə Saatlı rayonunda təşkil olunmuş, həmçinin bələdiyyələrin işi də müzakirə edilib. İctimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbiri açaraq, Ombudsmanı salamlamış, bu ictimai dinləmənin əhəmiyyətini vurğulayıb.

Ombudsman müqəddəs Ramazan ayı münasibətilə iştirakçıları təbrik etmiş, xoş arzularını bildirib. Müvəkkil ölkəmizdə, o cümlədən Saatlıda da daşqınların baş verdiyini, dövlətin insan itkisi olmadan təbii fəalkətin aradan qaldırılması istiqamətində dərhal operativ tədbirlər gördüyünü, insanların da yüksək intizam və dözümlülük göstərdiyini vurğulayıb. O, həmin günlərdə sel basan ərazilərdə olduğunu, Şirvanda təbii fəalkətdən ziyan çəkən çoxsaylı soydaşlarımızla görüşdüyünü, problemlərini öyrəndiyini, heç bir şikayət və etiraz eşitmədiyini, hamının ölkə Prezidentinin özünün yerlərə gəlib insanlarla görüşməsindən, vəziyyətlərini öyrənib tapşırıqlar verməsindən, nazirlərin bu işdə səfərbər olmasından razılıq bildirdiyini, dövlət tərəfindən daha böyük itkilərin qarşısının alınması məqsədilə dərhal qabaqlayıcı tədbirlər gördüyünü, insanların çevik köçürüldüyünü, onların lazımi təminatını diqqətə çatdırıb.

E.Süleymanova ölkəmizdə, o cümlədən bu rayonda icra olunan MFP, insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib. Müvəkkil qarşıdan gələn Parlament seçkilərini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.

Müzakirələrdə rayon məhkəmə sədri, prokuroru, polis rəisi, gənclər və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, kriminogen durum, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə