Politoloq: “Həmsədrlərin Azərbaycan hər hansı bir təklifi və ya deyəcəkləri bir söz yoxdur”- RƏY

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri yeni bir hadisə deyil. Çünki həmsədrlər öz missiyalarına uyğun olaraq zaman-zaman Ermənistana və Azərbaycana səfər edirlər". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında deyib. O bildirib ki, bu gün həmsədrlər konkret olaraq Azərbaycan Ermənistan münaqişəsinin tənzimləməsi ilə məşğul olmalarına baxmayaraq təəssüf ki, münaqişə hələ də öz həllini tapmayıb. Onun sözlərinə görə, nə qədər ki, onların əsas missiyası münaqişənin həllinə yönəlib bu səfərlər davam edəcək.

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu səfərinin konkret olaraq Dağlıq Qarbağ münaqişəsinin həllində hər hansı bir rol oynayacağından danışmaq mümkün deyil. Çünki onlar bu səfərlərini öz missiyalarına uyğun olaraq mütəmadi edirlər. Bu gün hər şey açıq və ortadadır. Minsk qrupunun həmsədrləri yenilənmiş Madrid prinsiplərini təklif ediblər və onlar ölkəmizə yeni bir təkliflə gəlməyiblər. Azərbaycan tərəfi yenilənmiş Madrid prinsiplərini qəbul etsə də Ermənistan qəbul etmir. Məhz buna görə də hesab edirəm ki, bu gün həmsədrlər əsas işlərini Ermənistan hakimiyyəti ilə qurmalıdırlar. Onlar Ermənistanı gündəmdə olan prinsipləri qəbul etməyə razılaşdırmalıdırlar. Azərbaycana isə həmsədrlərin hər hansı bir təklifi və ya deyəcəkləri bir söz yoxdur. Əgər onlar Ermənistan hakimiyyətini öz mövqeyindən çəkindirə bilər və ya bu istiqamətdə hər hansi bir addıma cəhd edərlərsə, o zaman biz bu səfərdən nəsə gözləyə bilərik", - deyə E. Mirbəşiroğlu qeyd edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri artıq tam heyətlə Azərbaycandadırlar. Son olaraq bu gün amerikalı həmsədr Robert Bradtke ölkəmizə gəlib. Digərləri - Bernar Fasie və İqor Popov isə dünəndən Azərbaycanda qonaqdırlar. Həmsədrlərin bu gün Azərbaycan rəhbəriliyi ilə görüşü olacaq. Onlar həmçinin Tərtərdə istiqamətindəki təmas xəttində də olacaqlar. Vasitəçilərin təmas xəttindən qarşı tərəfə keçmələri də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə