Prezident İlham Əliyev iftar mərasimində iştirak edib

Sentyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. SİA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimini Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə açdı. O, müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu söylədi.

Şeyxülislam qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir. Allahşükür Paşazadə ölkəmizdə vətəndaşların vicdan azadlığının təmin olunmasında böyük xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin onu ötən il "Şərəf" ordeni ilə təltif etməsini məmnunluqla xatırladı, bir daha dövlətimizin başçısına dərin təşəkkürünü çatdırdı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda hökm sürən sabitliyin, inkişafın, birliyin, vicdan azadlığı və tolerantlığın təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasətinin dayandığını xüsusi vurğuladı. O, bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı, nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini diqqətə çatdırdı.

Respublikamızda milli mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini diqqətə çatdıran şeyxülislam böyük tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpasında dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirdi. Azərbaycanda Dövlət Bayrağı Meydanının açılmasından sonsuz qürur və şərəf hissi duyduğunu vurğulayan Allahşükür Paşazadə Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırdı.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə, o cümlədən Rusiyada da yüksək qiymətləndirildiyini bildirdi.

O, dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfəyə görə Rus Pravoslav Kilsəsinin "Müqəddəs Apostol Varfolomey" qızıl medalını Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete ölkəmizdə dövlətlə dini icmalar arasında konstruktiv münasibətlərin formalaşdığını və dinlərarası dialoqun yüksək səviyyədə olduğunu söylədilər, təbriklərini çatdırdılar.

Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət ilə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirdi. Əsası ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin indi də uğurla davam etdirildiyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını, bütün millətlərin nümayəndələrinin bir ailə kimi yaşadıqlarını qeyd etdi. Prezident İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın islam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini dedi.

Azərbaycanda əsaslı sosial-iqtisadi inkişafa nail olunduğunu bildirən Prezident İlham Əliyev, dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə də respublikamızın uğurlu inkişafını davam etdirdiyini vurğuladı. Dövlətimizin başçısı bunu ölkəmizin durmadan artan iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun əyani nümunəsi kimi qiymətləndirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin ədalətli, beynəlxalq hüquq normaları və respublikamızın ərazi bütövlüyü çərçivəsində həllini tapacağına əminliyini vurğuladı.

Prezident İlham Əliyev ötən il "Şərəf" ordeninə layiq gördüyü şeyxülislam Allahşükür Paşazadənin Vətən qarşısında xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə böyük nüfuz qazandığını bildirdi, ona və xalqımıza qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırdı.

Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi, bundan sonra da milli mənafe naminə səylərini əsirgəməyəcəyini vurğuladı. O, dünyasını dəyişən soydaşlarımızın ruhuna dərin ehtiramını bildirdi.

Sonra Qurani-Kərimdən ayələr və Ramazan duası oxundu, iftar süfrəsi açıldı.

İftar mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət nümayəndələri, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri, dini icmaların təmsilçiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...