ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirləri müzakirə etmək, tərəflərin kompromis əhval-ruhiyyəsini artırmaq və növbəti fəaliyyət planının hazırlanmasını başa çatdırmaq üçün sentyabrın 6-10-da Bakı, İrəvan və Dağlıq Qarabağa səfər edəcəklər. SİA-nın xəbərinə görə, bu barədə məlumat həmsədrlərin birgə bəyanatında qeyd olunub. Məlumata əsasən, həmsədrlər sentyabrın üçüncü ongünlüyündə Vaşinqtona, daha sonra Nyu-Yorka səfər edəcəklər. Səfərin məqsədi BMT Baş Assambleyasının kuluarlarında münaqişə tərəfləri ilə işi davam etdirməkdir: "Bu intensiv fəaliyyət dövründə həmsədrlər bütün tərəfləri atəşkəs barədə razılaşmaya əməl etməyə, səbr nümayiş etdirməyə, tərəqqiyə nail olmağa imkan verəcək kompromis ruhunu möhkəmləndirmək üçün bütün mümkün addımları atmağa, qızışdırıcı xarakterli açıq bəyanatlar verməkdən çəkinməyə, ciddi dialoqun başlanması üçün siyasi iradə nümayiş etdirməyə çağırıblar".
Bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən son insidentlərə də münasibət bildiriblər: "İnsanların günahsız yerə həlak olmasından təəssüflənir və nazirlərin Almatı bəyanatını xatırlatmaq istəyirik. Bəyanatda bildirilir ki, güc tətbiqi mövcud situasiyanı yaradıb və təkrarən güc tətbiqi yalnız uzun illərdir davam edən iztirablara, dağıntılara və düşmənçiliyə gətirib çıxaracaq".
Bəyanatdan həmçinin bildirililr ki, sentyabrın sonu, oktyabrın əvvəllərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın ətrafındakı işğal altında olan rayonlarında humanitar durumu öyrənmək üçün qiymətləndirici missiya həyata keçirəcəklər. Missiyanın tərkibinə həmsədrlərdən başqa müşavir və ekspertlər, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının ofisinin nümayəndələri və başqa şəxslər daxildir. Bu missiya 2005-ci ildən sonra əraziyə səfər edəcək ilk beynəlxalq missiyadır. Missiyanın sonunda həmsədrlər Vyanada ATƏT-in Minsk Qrupu qarşısında məlumat verəcək, həmçinin ATƏT Daimi Katibliyinə illik hesabatı təqdim edəcəklər.
Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri dekabrın 1-2-də Astanada keçiriləcək ATƏT sammiti ərəfəsində öz səylərini aktivləşdirmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB