Azərbaycan Prezidenti İlham Əliyev: “Biz Rusiya ilə münasibətlərimizi strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk”
Xəbər verildiyi kimi Rusiya prezidenti Dmitri Medvedev Bakıda rəsmi səfərdə olub. SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə səfərin ikinci günü iki ölkə arasında bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı olub.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib. Dövlət başçısı bildirib ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixində çox əlamətdar gündür. Bu gün siyasi və iqtisadi xarakterli mühüm sənədlər – dövlət sərhədi haqqında, sərhədyanı Samur çayının su ehtiyatlarının bölünməsi və onlardan səmərəli istifadə edilməsi haqqında müqavilələr, habelə qaz sahəsində əməkdaşlıq sferasında kontrakta əlavə imzalanıb. "Əminəm ki, onlar bizim münasibətlərin inkişafının çox mühüm istiqamətlərini uzun illər, qarşıdakı onilliklər üçün müəyyən edəcəkdir. Bütün bunlar bizim münasibətlərin dinamik və səmərəli inkişafının əyani göstəricisidir. Biz münasibətlərimizi strateji tərəfdaşlar arasında, qonşular və mehriban dostlar arasında münasibətlər kimi səciyyələndiririk", - deyə prezident əlavə edib.
Ölkə rəhbəri əmin olduğunu bildirib ki, bütün istiqamətlər üzrə əlaqələrimizin gələcək inkişafı da bu günə qədər əldə edilənlər kimi səmərəli olacaq. "Ölkələrimiz arasında çox sıx siyasi qarşılıqlı əlaqə vardır, çox tez-tez görüşürük, əlaqə saxlayırıq. Rusiya Prezidentinin, böyük bir dövlətin Prezidentinin son üç ildə Azərbaycana üçüncü dəfə səfər etməsini xüsusi qiymətləndiririk. Mən də tez-tez Rusiyaya – Moskvaya və başqa şəhərlərə səfərlər edirəm. Bu, bir-birimizə olan qarşılıqlı marağa, eləcə də bizim münasibətlərin mövzusunun çox geniş olmasına dəlalət edir. Bizim münasibətlər ayrıca bir sahədə əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər çoxşaxəlidir – siyasi əlaqələri, iqtisadi kooperasiyanı, müştərək layihələri əhatə edir. Energetika sahəsində, neft-qaz əməliyyatlarında, elektrik enerjisi satışı, nəqliyyat sahəsində əməkdaşlıq böyük bir blok təşkil edir. Biz regional və dünya miqyaslı layihələr üzərində birgə işləyirik", - deyə Azərbaycan prezidenti qeyd edib.
Şimal-Cənub nəqliyyat dəhlizinin artıq bu gün öz potensialını göstərdiyini vurğulayan dövlət başçısı hazırda Rusiya və Azərbaycanın həmin dəhlizin çox mühüm tərkib hissələri olduğunu bildirib: "Biz Xəzərdə əməkdaşlıq edirik. Biz Qafqaz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq edirik. Ölkələrimiz arasında hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq fəal inkişaf edir. Bu istiqamətlərin hər biri barəsində konkret faktlar və konkret layihələr əsasında çox danışmaq olar".
Azərbaycan prezidenti qeyd edib ki, münasibətlərimiz olduqca çoxşaxəli, çoxtərəflidir, praktiki olaraq bütün sahələri əhatə edir. Ən başlıcası isə, bu gün dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra münasibətlərimizdə həll edilməmiş hər hansı məsələ qalmır. Həmin müqavilənin bu gün Bakıda bu cür təntənəli şəraitdə imzalanması münasibətlərimizin, niyyətlərimizin səmimiliyinə daha bir sübutdur. Bu müqavilə ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Qarşıda bizi başqa işlər gözləyir. Bu gün biz münasibətlərimizin iqtisadi tərkib hissəsini necə zənginləşdirmək barədə, hansı yeni layihələri həyata keçirməyə hazırlaşmağımız, gələcəkdə fəaliyyətimizi necə əlaqələndirməyi planlaşdırmağımız barədə fikir mübadiləsi etdik. Energetika sahəsində artıq konkret addımlar nəzərdə tutulmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB