Rasim Musabəyov: “Gözləmirəm ki, Rusiya prezidenti Azərbaycanı razı sala biləcək bir mövqe nümayiş etdirsin” - AÇIQLAMA

Rasim Musabəyov: “Gözləmirəm ki, Rusiya prezidenti Azərbaycanı razı sala biləcək bir mövqe nümayiş etdirsin” - AÇIQLAMA
Politoloq Rasim Musabəyovun SİA-ya müsahibəsi

- Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərindən önəmli nəticələr gözləmək olarmı, yoxsa sıradan bir səfər olacaq?

- Görüşün nəticəsi olaraq Rusiyanın siyasətində hansısa ciddi dəyişikliyin olması, yaxud Azərbaycan tərəfinin siyasətində ciddi bir dəyişilik edilərək Rusiyaya yaxınlaşması gözlənilmir. Eyni zamanda iki ölkə arasında müzakirə olunacaq xeyli məsələ var. Sərhədlərlə bağlı müqavilənin imzalanması gözlənilir. Kimlərsə bunun əhəmiyyətini azaltmağa çalışırlar. Ermənistanla təbii ki, sərhəd məsələsindən söhbət getmir. Bu ölkə torpaqlarımızı işğal edib. Gürcüstan baxmayaraq ki, müttəfiqimizdir, hələ də bu ölkə ilə sərhədləri müəyyən edə bilməmişik. Bu məsələni Rusiya kimi bir nəhəng dövlətlə razılaşdırmaq mühüm əhəmiyyət daşıyır. Moskva heç Ukrayna ilə sərhəd məsələsinin həll etməyib. Eyni zamanda başqa məsələlər də müzakirə olunacaq. Enerji sahəsi, həmçinin Xəzər dənizi ilə bağlı bir çox müzakirə olunası məsələlər var. Təbii ki, Azərbaycan üçün ən mühüm olan məsələ Dağlıq Qarabağ münaqişəsidir. Müzakirələr olacaq, ancaq gözləmirəm ki, Rusiya prezidenti Azərbaycanı razı sala biləcək bir mövqe nümayiş etdirsin.

- Dmitri Medvedevin səfəri öncəsi İrəvandan radikal bəyanatlar səsləndi. İşğalçı ölkənin xarici işlər naziri dünən belə bir fikir səsləndirib ki, Madrid prinsiplərinin birinin digəri üzərində üstünlüyü yoxdur...

- Onlar çox şey deyə bilərlər. Fərqi yoxdursa, zəhmət çəksinlər bir il bundan əvvəl təqdim olunan sənədə müsbət cavab versinlər və proses irəli getsin. Məhz onların sənədi qəbul etməməsi prosesin irəli getməsini ləngidir. Yapışıblar Sankt-Peterburq təkliflərindən. Faktiki olaraq ermənilərin nazı ilə oynayırlar.

- Sentyabrın 9-da BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"lə bağlı qətnamə layihəsi müzakirə olunacaq. Səsvermə zamanı Rusiyanın mövqeyi Medvedevin Azərbaycana səfərində gündəmə gətirilə bilərmi?

- Əslində Azərbaycan Rusiyadan bu məsələdə prinsipiallıq tələb edə bilər. Qətnamə problemin daha çox humanitar tərəfini qabardır. Bu məsələdə ən azından ermənilərə dəstək göstərməmək olar. Azərbaycanın təklif etdiyi qətnaməyə ədalətli şəkildə mövqe bildirməyə gücləri çatmır, heç olmasa bitərəf qalsınlar. Ermənilərə bildirsinlər ki, 700 minə yaxın insan elementar insani hüquqlardan məhrumdur və bu dünya tərəfindən qəbul olunmur. Düşünürəm ki, Rusiyanın səmimiliyi burada yoxlanılacaq. Rusiya ermənilərə qoşularaq BMT-də Azərbaycanın təklif etdiyi ədalətli bir qətnaməyə qarşı çıxacaqlarsa, onda bu ölkənin Ermənistanın yola gəlməməsi ilə bağlı dediklərinin hamısı cəfəngiyyat olacaq. Belə olarsa, Azərbaycan Rusiyanın ondan istədiklərinin bir çoxuna mənfi cavab verəcək, ya da Rusiyanın xoşuna gəlməyən bir şəkildə başqa dövlətlərlə əməkdaşlığı genişləndirəcək.

- 2008-ci ildə BMT Baş Assambleyasında sözügedən qətnamənin səsverməsində əleyhimizə səs vermiş və yaxud bitərəf qalmış dövlətlərin mövqelərində dəyişilik gözləniləndirmi?

- Mümkündür. Biz bu istiqamətdə işimizi görməliyik. Rusiya, eyni zamanda erməni lobbisinin təsiri altında yenə də ABŞ və Fransa ədalətsiz mövqe nümayiş etdirərsə, bu ATƏT-in Minsk qrupunun ədalətsiz olmasını deməyimiz üçün əsas olacaq. Avropa Parlamenti Azərbaycanın mövqeyini dəstəklədi, Ermənistanı qınadı. Bir çox ölkələrin mövqelərində müsbət dəyişikliklər baş verdi. İmkanımız var ki, bu səsvermədə əvvəlki səsvermədən fərqli olaraq bir çox Avropa ölkələrinin öz mövqeyimizdən çıxış etməyə sövq edək. Ən əsası ona görə, ki qətnamədə məsələnin humanitar tərəfi önə çəkilir. Əvvəlki səsvermədən indiki fərqlənməsə ermənilər bunu özləri üçün uğur sayacaqlar. Ancaq düşünürəm ki, Azərbaycan bu məsələdə təkid etsə, işini düzgün aparsa, ermənilərin təklənməsi bu qətnamənin müzakirəsi zamanı özünü daha qabarıq şəkildə göstərə bilər.

- Qətnamənin müzakirəsi Azərbaycanın istədiyi şəkildə yekunlaşsa, xeyrimizə olacaq daha hansı proseslərə yol açmış olar?

- Ermənilər Minsk qrupunun təkliflərinin rədd edərək prosesi pozarlarsa, əlimizdə xeyli əsaslar olacaq. ATƏT-in sammiti də Minsk qrupunun fəaliyyətinin uğursuz olduğunu bəyan etməyə məcbur olacaq. Azərbaycan yenə də problemin müzakirəsinin BMT Təhlükəsizlik Şurasına qaytarmağı təkid edə bilər. Ermənilər oyunbazlıq edərək qəbulunu ləngidirkləri Madrid prinsiplərini Təhlükəsizlik Şurası qəbul edərək tövsiyə edə, hətta məcburi xarakterli bir bəyanat da verə bilər.

- Məsələ BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verilərsə, Şuraya sentyabr ayında sədrlik edəcək Türkiyənin hansı rolundan danışmaq olar?

- Düşünmürəm ki, Türkiyə bir ay müddətində bu məsələni Təhlükəsizlik Şurasının gündəliyinə sala bilsin. Bu o halda mümkündür ki, müharibə başlasın. Bu halda Şura çox tez qərarlar verə bilər. Bu kimi məsələlərin Şuranın müzakirəsinə çaxarılması zamanı razılaşdırılma mexanizmi işə salınır, proses bir qədər uzadılır. Düşünmürəm ki, bir ay müddətində hərbi əməliyyatlar baş versin və Təhlükəsizlik Şurası məsələyə məcburi çəkildə münasibəti bildirsin. Buna baxmayaraq ki, Türkiyə hələ bir il də Təhlükəsizlik Şurasının üzvüdür və o vaxta kimi problemi Şuranın gündəliyinə çıxartmaq üçün Türkiyədən faydalanmaq olar.

- Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündən iki gün sonra cəbhə xəttində hərbi qarşıdurma oldu. Dmitri Medvedevin Azərbaycana səfərindən iki gün əvvəl də belə bir qarşıdurma baş verdi. Ermənistanın məqsədi nədir?

- İstisna olunmur ki, əhvali-ruhiyyəni pozmağa yönəlik təxribatlar olsun. Əslində məsələnin həllinə doğru irəliləyiş olmadan bu cür toqquşmaların artması qaçılmazdır. Ermənilər çalışırlar ki, atəşkəsin möhkəmləndirilməsi ilə bağlı ayrıca bir qərar qəbul olunsun. Azərbaycan torpaqlar işğal altında qalanı kimi buna gedəsi deyil. Çalışırıq ki, bu cür toqquşmalar torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnsin, ermənilər isə bundan istifadə edərək işğal vəziyyətini atəşkəslə möhkəmlətmək istəyirlər. Bu isə Azərbaycan üçün tamamilə qəbulolunmazdır və düşünürəm ki, Azərbaycan bu məsələnin müzakirəsini yaxına belə buraxmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə