Məlum olduğu kimi, mayın 15-də Azərbaycan Silahlı Qüvvələrinin sayıqlığı nəticəsində düşmənin işğal olunmuş ərazilərimizdə törətmək istədiyi təxribatının qarşısı alınıb və "OSA" tipli zenit-raket kompleksi heyəti ilə birgə məhv edilib. SİA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında da informasiya yerləşdirilib.
Lakin Ermənistan tərəfinin bu reallığı müxtəlif yalan vasitələri ilə gizlətmək cəhdləri bəzi suallar yaradıb. Belə ki, ermənilər rəsmi olaraq öz təxribatçı əməllərini Azərbaycanın üzərinə atmağa çalışmaqla yanaşı, Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan "Facebook" sosial şəbəkəsində "OSA" tipli zenti-raket kompleksinin adını çəkməyərək, heyəti ilə birgə məhv olmuş kompleksi "müdafiə obyekti" adlandırıb. Eyni zamanda, canlı itkinin olmadığını da bildirərək, baş verənlərdə əsas günahkar qismində Azərbaycanın hərbi-siyasi rəhbərliyini göstərib.
Ukraynalı hərbi ekspert Oleq Jdanov: "Azərbaycanın hərbi rəhbərliyi doğru qərar verib"
Məsələ ilə bağlı hərbi ekspertlər də münasibətlərini bildiriblər. Ukraynanın tanınmış hərbi eksperti Oleq Jdanov bununla bağlı qeyd edib ki, cəbhə xəttində havadan müdafiə kompleksinin yerləşdirilməsi inisiativi ələ almaq üçün hesablanmış addımdır.
"Aşağı səviyyəli hərbi münaqişələrdə kim havaya nəzarət edirsə, demək ki, müharibənin bütün gedişini nəzarətdə saxlayır. Hava məkanını nəzarətdə saxlamaq düşmənin ani zərbəsinin, aerokəşfiyyatının qarşısını almaqla yanaşı, həm də hər an aviasiyadan istifadəyə şərait yaradır"-deyə qeyd edən ukraynalı hərbi ekspertin sözlərinə görə, Azərbaycanın hərbi rəhbərliyi belə bir məqamda çox doğru qərar verərək, "OSA" tipli özüyeriyən zenti-raket kompleksini məhv edib və münaqişə zonasında nəzarəti əlində saxlayıb.
Oleq Jdanov münaqişədə üçüncü tərəflərin yer aldığına görə süni şəkildə uzandığını da qeyd edərək, erməni tərəfinin məlum təxribatını belə əlaqələndirib ki, onlar öz mövqelərini gücləndirmək istəyi ilə yanaşı, müxtəlif vasitələrlə Azərbaycanın müdafiəsini yoxlamağa çalışırlar.
Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov: "Mümkün deyil ki, şəxsi heyətin iştirakı olmadan həmin kompleks istifadə olunsun"
Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov isə sözügedən məsələ ilə bağlı saytımıza açıqlamasında qeyd edib ki, Ermənistanın faktiki olaraq heyəti ilə birgə məhz olmuş hərbi kompleksinin "müdafiə obyekti" kimi göstərməsi çox gülünc təsir bağışlayır.
"OSA özüyeriyən zentit raket kompleksidir. Ümumiyyətlə, bu kompleks altı təkər üzərində yığılmış bir hərbi sistemdir. Ona görə də mümkün deyil ki, şəxsi heyətin iştirakı olmadan həmin kompleks istifadə olunsun"-deyə qeyd edən hərbi ekspertin sözlərinə görə, sözsüz ki, ermənilər bu boyda itkini öz ağılsızlıqları ilə harasa yazmalıydılar və indi də deyirlər ki, heç bir itki yoxdur: "Görün, bunlar nə qədər ağılsızdırlar ki, bu cür yalanlara əl atırlar. Halbuki, "OSA" konkret olaraq, 1971-ci ildən istifadəyə verilmiş və yüksək zərbə vurma imkanlarına malik olan kompleksdir. Özü də bu kompleks məhz şəxsi heyət tərəfindən idarə olunur. Həm kompytuterləri, həm də idarə olunan radar sistemi konkret olaraq robot tərəfindən deyil, sırf şəxsi heyətin nəzarəti ilə hərəkətə gətirilir. Sürücüsü də daxil olmaqla, "OSA" zenit-raket kompleksinin 5 nəfər heyəti olur. Bu baxımdan, guya itkilərinin olmadığını iddia edən erməni hərbi-siyasi rəhbərliyi öz axmaqlıqlarını, naşılıqlarını göstərirlər".
"Bəlkə İrəvanda oturan hansısa Vigen Sarkisyan "OSA"nın düşməsini basır?"
Üzeyir Cəfərovun sözlərinə görə, videogörüntülərdən də görünür ki, kompleksin radarı Azərbaycanın aşağı məsafədən uçan pilotsuz aparatını aşkarlayır: "Sual yaranır, bu radara komandanı kim və haradan verir? Ona görə də erməni hərbi təmsilçisi o qədər ağılsızdır ki, heç danışdığına, irəli sürdüyü iddialarına da fikir vermir. Təsəvvür edin ki, həmin radar 25 metrdən 5 min metrə qədər ərazini nəzarətində saxlayır. Əgər həmin məsafələrdə hərəkət edən hər hansı bir hədəf aşkar olunarsa, dərhal iki raket həmin hədəfi vurmaq üçün istifadəyə gətirilir. Yaxşı, bəs raketi kim buraxır? Bəlkə İrəvanda oturan hansısa Vigen Sarkisyan "OSA"nın düşməsini basır? Bax, fakt budur ki, onlar ağıllarını itiriblər. Çünki texnika darmadağın olunub".
Əgər desəydik ki, bu bir mulyajdır, yəni aldacıdı maketdir ki, bunu daha çox Rusiya müəyyən vasitələrlə işlədir, onda onun məhvi görüntüləri də tamamilə başqa cür olardı"-deyə qeyd edən hərbi ekspertə görə, sadə bir maketin məhv olması ilə real hərbi texnikanın məhvi tamamilə başqa-başqa şeylərdir. "Bu səbəbdən, erməni tərəfinin gülünc iddiaları tamamilə yersizdir"-Üzeyir Cəfərov vurğulayıb.
"Düşmən unutmamalıdır ki, SPİKE" və "ZƏRBƏ" tipli sarsıdıcı zərbə vurmağa qadir pilotsuz aparatlarımız var"
Hərbi ekspert ötən ilin aprelini də xatırladaraq, düşmənin həmin hadisələri yaddan çıxarmamalı olduğunu da deyib: "Düşmən eyni zamanda, ötən ilin aprelində aldığı zərbələrdən sonra diqqəti olmalıdır, unutmamalıdır ki, Azərbaycanın İsraildən aldığı "SPİKE" tipli raketləri cəbhədə hansı sarsıdıcı zərbələr vurdu. Hətta ermənilərin özləri də pilotsuz aparatlarımızın hücumlarını necə təlaşla izlədiklərini, könüllü qüvvələrini necə məhv etməsini paylaşmışdılar. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin "ZƏRBƏ" pilotsuz uçan aparatları var. Bu aparat hətta təmasda olmadan düşmənin istənilən gücünə, texnika və avadanlığına ağır zərbələr endirmək iqtidarındadır".
Üzeyir Cəfərov son olaraq bir el misalını nümunə gətirərək bildirib ki, keçinin buynuzu qaşınanda onu çobanın çomağına sürtər: "Düşmən faktiki olaraq Azərbaycanın nəzarət etdiyi cəbhə xəttinin ən yaxın məsafəsinə gəlib və əlbəttə ki, Ordumuz bunu cavabsız buraxmayacaqdı. Hesab edirəm ki, bundan sonra düşmən öz hərəkətlərində daha ehtiyatlı davranmalıdır".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB