Deputat: “Azərbaycan İslam mədəniyyətinin bir parçasıdır” MÜNASİBƏT
"Ümumiyyətlə Azərbaycan İslam mədəniyyətinin bir parçasıdır. Azərbaycan bir müsəlman ölkəsidir. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın necə davranmasında, bu münasibətlər sistemində hansı keyfiyyətli aktor olmasından asılı olmayaraq Azərbaycana münasibətdə dünyanın baxışı birdə İslama baxışla bəzi hallarda indefikasiya olunur. Ona görə də istənilən halda mütləq biz nəzərə almalıyıq ki, Azərbaycan bizim milli dövlətimizdi, eyni zamanda bir müsəlman ölkəsidir". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, müsəlman ölkələrinin, mədəniyyətinin, İslam mədəniyyətinin, İslama baxışın ümumi forması, yanaşması elə bizə yanaşmada da tətbiq olunur: "Bax ona görə də Azərbaycan çalışır ki, birdaha dünyaya nümayiş etdirsin ki, İslam sülh dinidir, böyük bir mədəniyyətdir, sivilizasiya yaradıbdır. XX əsrin sonu, XXI əsrin əvvəllərində İslam dünyasına total bir hücum (həm ideoloji, siyasi, həm də iqtisadi və mədəni müstəvidə) başlayıb. Əksər hallarda qərb mediası, qərbin informasiya resursları İslam dinini terrorla eyniləşdirməyə çalışırlar. Belə olan halda isə avtomatik olaraq o münasibət bizə də şamil edilir. Azərbaycanın məqsədi məhz bu imici qırmaqdır. Təsadüfi deyil ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi məhz İslam fəlsəfəsini, mədəniyyətini bir daha olduğu kimi dünyaya təqdim olunmasına hesablanıb. Çünki qısamüddətli kiçik bir təqdimatda İslam dünyasının bəşəriyyətə verdiyi töhfələr, İslam alimlərinin ixtiraları, İslam fəlsəfəsinin dünya fəlsəfəsinə gətirdiyi yeniliklər, müsəlman şərqində yaranan riyaziyyat elminin müasir texnologiyaların əsasında duracaq bəzi ixtira və kəşflərin məhz İslam sivilizasiyasından yarandığı və dünyaya yayıldığı məsələsi qoyuldu. Buna paralel olaraq eyni zamanda qərb cəhalət dövrünü yaşayarkən qərb intibahına qədər olan mərhələdə İslam dünyası məhz antik mədəniyyəti öz üzərindən yenidən qərbə tanıtdı.
Ümumiyyətlə bəşəriyyətin yaratdığı mədəniyyət birdir və ümumi insanlığa aiddir. Ona görə də mədəniyyətləri bölüb müxtəlif fərqli sivilizasiyalara və ona qarşı total hücumlar təşkil etmək, birini digərinə nisbətdə layiq olmadığı bir mərtəbədə göstərmək, gözdən salmaq doğru deyil. Düşünürəm ki, nəticə etibarilə Azərbaycanın həyata keçirdiyi bu addım, təbliğat üsulu unikal bir üsuldur. Oyunlar təkcə Azərbaycana siyasi dividentlər gətirməyəcək, eyni zamanda bütün müsəlman dünyasını olduğu kimi dünya ictimaiyyətinə təqdim etməklə həm də müsəlman dünyasına xeyli dividentlər gətirəcək. Əlbəttə ki, bizim üçün ən çox önə çıxan hazırda ölkəmizin milli maraqlarıdır. Bu həmişə belə olub. Hər bir ölkənin aldığı qərarlar ilk növbədə onun milli maraqlarına hesablanaraq alınır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətini şərh edərkən dedi ki, "bizim xarici siyasətimizə bəzən balanslaşdırılmış xarici siyasət deyirlər". Bu konteksdən yanaşanda ümumi İslam mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycanın burada özünün milli mədəniyyəti də önə çəkilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB