“Rusiya-Azərbaycan münasibətlərə xələl vurmaq istəyən qüvvələr var” TƏHLİL

Azərbaycanın rus icması ÜAK-ın bağlanmasına qarşı sərt münasibətini ortaya qoydu
“Rusiya-Azərbaycan münasibətlərə xələl vurmaq istəyən qüvvələr var” TƏHLİL

Kifayət qədər bəllidir ki, Şimal qonşumuz Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub və bu istiqamətdə bütün sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Digər tərəfdən, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub. Belə ki, Azərbaycan dövləti daim Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək ruhu hökm sürüb. Əbəs yerə deyil ki, ölkə rəhbərliyimiz tərəfindən rus dilinin və mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlarını atır. Məhz bu kimi faktorlar belə qənaətə gəlməyə zəmin yaradır ki, dövlətlərarası münasibətlərin tarixi faktları yetərincədir.

Xüsusilə, son zamanlar Rusiyanın ədliyyə sistemindəki bənzər ermənipərəst qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir

Lakin bəzi hallarda Rusiya və Azərbaycan arasında mövcud olan əlqələr və əməkdaşlıq prosesinin inkişafı bir sıra düşmən qüvvələrin maraqlarına cavab vermir və bu da bir həqiqətdir ki, Rusiyanın dövlət strukturlarında anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Xüsusilə, son zamanlar Rusiyanın ədliyyə sistemindəki bənzər ermənipərəst qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir.

Məsələn, məlum olub ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı ləğv ediləcəkdir. Məhz bu baxımdan sözügedən məsələnin təhlilini apararkən, nəticəyə gəlmək mümkündür ki, Rusiyada fəaliyyət göstərən anti-Azərbaycan dairələr və onları müxtəlif vasitələrlə ələ almış erməni lobbisi dövlətlərimiz arasındakı inkişaf xarakterli münasibətlərə zərbə vurmağa, yenidən sınaq qarşısında qoymağa cəhd göstərirlər.

ÜAK-ın qeydiyyatının ləğv edilməsi cəhdi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə zidd olmasının göstəricisidir

Halbuki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında davamlı fəallıqları ilə seçilir, Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləri kimi qiymətləndirilirlər. Çünki Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Ona görə də Azərbaycan icmasının ən böyük ictimai birliyi hesab edilən – ÜAK-ın qeydiyyatının ləğv edilməsi cəhdi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə zidd olmasının göstəricisidir. Daha dəqiq desək bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən təxribatçı addımdır. Ümumiyyətlə, məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir.

Suallar yaranır: Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi?

Həmçinin, bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə də sözsüz ki, arzuolunmaz kölgə salacaq. Belə bir məqamda isə istər-istəməz sual oluna bilər ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi?

Yaxud, belə bir addım Ermənistana hərbi yardımına artırılması fonunda baş verirsə, demək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır.

Azərbaycanın 120 minlik rus icması: "Şübhə etmirik ki, Rusiyadakı azərbaycanlı diasporuna qarşı hörmətsizlik Azərbaycan və Rusiya, eyni zamanda azərbaycanlı və rus xalqları arasındakı dostluq münasibətlərinin inkişafına xidmət etmir"

Yeri gəlmişkən, Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətinin düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağıran müraciətlə çıxış edib.

Azərbaycanın rus icmasının müraciətində bildirilir ki, bu ölkəmizdəki icmada 120 min rus millətinin nümayəndəsi birləşir və onlar Azərbaycan vətəndaşı olaraq sözügedən məsələdən ciddi narahatlıq duyur, ÜAK-a qarşı atılan qərəzli addımları qətiyyətlə psiləyir. "Ümumrusiya Azərbayanlıları Konqresinin ləğvi barədəki məsələ ilə bağlı Azərbaycanın rus icması artıq 2017-ci ilin 4 aprel tarixində bəyanat yayıb"-deyə qeyd edilən müraciətdə bildirilir ki, təəssüflər olsun ki, Rusiyadakı müəyyən qüvvələr ÜAK-ın fəaliyyətində cüzi çatışmazlıqları axtarıb-taparaq, Rusiyanın nəhəng təşkilatları sırasında yer alan ictimai təşkilatın ləğvinə şəraitin yaradılması istiqamətindəki cəhdlərinə son vermirlər. Müraciətdə vurğulanır: "Şübhə etmirik ki, Rusiyadakı azərbaycanlı diasporuna qarşı hörmətsizlik Azərbaycan və Rusiya, eyni zamanda azərbaycanlı və rus xalqları arasındakı dostluq münasibətlərinin inkişafına xidmət etmir. Azərbaycanda yaşayan ruslar azərbaycanlıların rus dilinin, rus mədəniyyətinin və ənənələrinin qorunmasındakı qayğılı münasibətlərini yüksək qiymətləndirir. Biz, hesab edirik ki, Rusiya Federasiyasında yaşayan və bu ölkənin tamhüquqlu vətəndaşları sayılan azərbaycanlılara qarşı da lazımi münasibət göstərilməlidir".

Bir daha Rusiyanı sağlam məntiqlə çıxış etməyə və Rusiyada fəaliyyət göstərən nəhəng Ümummrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məqsədin həyata keçməsinə imkan verməməyə çağırırıq"

Azərbaycanın 120 minlik rus icmasının müraciətində o da qeyd edilir ki, onlar hər iki ölkə arasında əsrlər boyu formalaşmış və davam edən münasibətlərə baxmayaraq, bu münasibətlərin inkişafından yalnız sevinirlər. "Bütün bunların əsasında çoxəsrlik dostluq ənənələri , mehriban qonşuluq, bir-birinin maraqlarına hörmət dayanır və nəticədə milyonlarla insanlar – azərbaycanlılar və ruslar dost olmayan güclərin xalqlarımız arasındakı səmimi münasibətləri, dostluq bağlarını pozmaq cəhdlərinin qarşısını almalıdır"-deyə qeyd edilən müraciətdə sonda vurğulanır ki, Azərbaycanda yaşayan ruslar ölkələrimiz və xalqlarımız arasındakı münasibətləri qiymətləndirir, ona hörmətlə yanaşır: "Bir daha Rusiyanı sağlam məntiqlə çıxış etməyə və Rusiyada fəaliyyət göstərən nəhəng Ümummrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məqsədin həyata keçməsinə imkan verməməyə çağırırıq".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə