Leyla Əliyeva: "Ərzaq təhlükəsizliyi məsələsində əməkdaşlıq çox vacibdir"

Leyla Əliyeva: "Ərzaq təhlükəsizliyi məsələsində əməkdaşlıq çox vacibdir"

"Dünyanın müxtəlif ölkələrindən IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılan hər kəsə təşəkkür edirəm. Bu dialoqun alternativi yoxdur". SİA-nın xəbərinə görə, bu fikirləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IV Ümümdünya mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" mövzusunda II Panel sessiyada açılış nitqi ilə çıxış edərkən deyib.

O bildirib ki, tarix boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu yer olub: "Bütün xalqlar ölkəmizdə sülh şəraitində yaşayıblar. Lakin heç kim bunu mədəniyyətlərarası dialoq kimi qiymərləndirməyib. Çünki bu cür şəraitdə yaşamaq xalqımızın əsas yaşayış mühiti olub".

L.Əliyeva söyləyib ki, mədəniyyətlərarası arası dialoq irqçiliyə qarşı istiqamətlənib: "Biz məqsədlərimizə nail olaraq inklüziv cəmiyyətə nail ola bilərik. Hazırda dünyada ərzaqın üçdə bir hissəsi tullantı kimi atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da gərginləşdirir. Məhsulların əldə edilməsi ekosistemimizə zərbə vurub".

L.Əliyeva söyləyib ki, tarix boyu millətlər öz əlaqələrini mətbəxləri üzərində qurublar: "Mədəniyyətlərarası dialoqun qurulması bu sahədə mühüm əhəmiyyət kəsb edir. Mətbəx mədəniyyəti insanları bir-birinə yaxınlaşdıran vasitədir. Ərzaq təhlükəsizliyi, dayanıqlı inkişaf məsələlərini heç bir ölkə tək edə bilməz. Dialoq bu işdə əsas vasitə ola bilər. Bu baxımdan Azərbaycan bu dialoqun təşəbbüsü ilə çıxış edib. Mədəniyyətlərarası dialoqun gücləndiriməsi ənənəvi kənd təsərrüfatı biliklərinin yayılmasına və qorunmasına xidmət edir. Biz çalışmalıyıq ki, bu günün ərzağı gələcəyin ərzağı olsun. Beynəlxalq ictimaiyyət öz səylərini birləşdirərək ərzaq təhlükəsizliyi məsələsini mədəniyyətlərarası dialoqun gücləndirilməsi vasitəsinə çevirməlidir".

L.Əliyeva qeyd edib ki, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, dayanıqlı inkişafı heç bir ölkə təkbaşına edə bilməz: "Qlobal əməkdaşlıq bu sahədə çox vacibdir. Bu baxımdan biz İDEA təşkilatını təsis etdik. Son 5 il ərzində gənc təşkilatımız gözəl nəticələr əldə edib. Ölkə ərazisində 5 milyon ağac əkmişik. Ceyranların tamamilə məhv olunmasının qarşısını almışıq. Qafqaz bəbiri və Qafqazda bizonun artması üçün tədbirlər görmüşük. Xəzər dənizində qızıl balığın qorunması üçün İDEA Kür çayının deltasının təmizlənməsi işini görüb. Bir neçə həftə əvvəl Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağının salınması işini yerinə yetirmişik. Bunu FAO ilə birlikdə həyata keçiririk. Din, irq və inancdan asılı olmayaraq, bir planetdə yaşayırıq. İnsan fəaliyyəti təbiətin qanunlarını pozur və böyük fəlakətlər gətirir. İnsanlar bu zənginlikləri itirməli deyil. Hər kəsi dəvət edirəm ki, dialoqa hər zaman açıq olaq".

Bütün xəbərlər Facebook səhifəmizdə