"Üçtərəfli görüşdə konkret məsələlər müzakirə olunub" ŞƏRH

"Üçtərəfli görüşdə konkret məsələlər müzakirə olunub" ŞƏRH

"Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü rəmzi məna daşıyırdı". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Görüşün Rusiya tərəfindən təşkil olunduğu və həmsədrlərin görüşə sonda buraxıldığını deyən politoloq söyləyib ki, bununla Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu öz üzərinə götürdüyü mesajını verdi: " Yayılan məlumatlardan məlum olur ki, görüş zamanı konkret məsələlər müzakirə olunub. Ermənistan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikin missiyasının genişləndirilməsi və qoşunların təmas xəttində insidentlərin tətbiqi mexanizmlərinin yaradılması məsələsinin üzərində dayanıb, Azərbaycan isə işğalçı qoşunların çıxarılması qrafikinin hazırlanmasını tələb edib. Görüşdə Anjey Kaspirşikin missiyasının genişləndirilməsi ilə Azərbaycanın tələbi arasında balans variant əldə olunub. Çünki Rusiyanın XİN başçısının son sözü belə idi ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ tənzimlənməsində bütün prinsipial məsələlər razılaşdırılıb lakin bazanın həyata keçirilmə ardıcıllığında razılaşma əldə olunmayıb. Görünür hazırda bununla bağlı konkret danışıqlar aparılır".

Politoloq hesab edir ki, Rusiyanın təşəbbüsü ilə həyata keçirilən danışıqlarda ən vacib məqam danışıqların virtual, real-praktiki mərhələyə keçməsidir: "Rusiya bu vaxta qədər Ermənistana parlament seçkilərinə görə dözürdü. Artıq bu seçkilər başa çatıb, ona görə Azərbaycan da, Rusiya da Ermənistandan konkretlik tələb edir. Yəqin ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putindən üçtərəfli görüş barəsində yeni təşəbbüs eşidəcəyik".

Məlumat üçün nəzərinizə çatdıraq ki, aprelin 28-də Moskvada Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə