YAP Səbail rayon təşkilatı akademik Zərifə Əliyevanın doğum günü münasibətilə tədbir keçirib

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən yığıncaq keçirilib. SİA-nın xəbərinə görə, "Xüsusi Müalicə Sağlamlıq Kompleksi"nin konfrans zalında baş tutan tədbirdə kompleksin baş direktoru Afaq Abdullayeva qonaqları salamlayaraq bildirib ki, bugünkü tədbir görkəmli alim, nəcib insan, insanların gözlərinə şəfa verən bir xanım-Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə bağlıdır: "YAP Səbail rayon təşkilatı tərəfindən təşkil olunan bugünkü yığıncağın məhz bizim müəssisəmizdə keçirilməsi bizi çox sevindirir. Buna görə YAP Səbail rayon təşkilatına müəssisəmiz adından təşəkkür edirik".

Yığıncaqda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videofilm nümayiş etdirilib.

Filmdən sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bildirib ki, tədbirin tibb ocağında keçirilməsi təsadüfi deyil: "Çünki akademik Zərifə xanım Əliyeva da məhz bu peşənin sahibi olub".

Zərifə xanım Əliyevanın böyük missiya yerinə yetirdiyini deyən təşkilat sədri bildirib ki, dünyada hər hansı qadının həyatını iki prezidentlə bağlaması çox nadir hallardandır: "Ulu öndər kimi dahi şəxsiyyətin həyat yoldaşı olmaq böyük məsuliyyət tələb edirdi. Zərifə xanım həm müəllim, həm də tibb sahəsində fəaliyyət göstərib. Müharibənin ən qızğın vaxtında Tibb İnstitutuna daxil olub. O, bütün nailiyyətlərə öz gücü ilə nail olub. Hazırki prezident İlham Əliyevin dünyada öz mövqeyi ilə seçilməsində də Zərifə xanımın böyük rolu olub. Çünki Ulu Öndər hər zaman deyərdi ki, uşaqların tərbiyəsi ilə yalnız Zərifə xanım məşğul olurdu". Ş.Hacıyev əlavə edib ki, Zərifə xanım Əliyeva onun tanıyanların yaddaşında əbədi iz qoyub. Milli Məclisin deputatı çıxışına Ulu Öndər Heydər Əliyevin akademik Zərifə Əliyeva haqqında söylədiyi fikirlərlə yekun vurub.

Yığıncaqda YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı, "Zərifə Əliyeva" adlı kitabın müəllifi Hüseynbala Mirələmov nitq söyləyib. İlk növbədə Moskvada çap olunan "Zərifə Əliyeva" adlı kitab haqqında məlumat verən deputat söyləyib ki, sözügedən kitab 12 dildə nəşr olunub: "Artıq bu kitab bütün dünyada geniş yayılıb".

Daha sonra akademik Zərifə xanım Əliyeva haqqında fikirlərini bildirən təşkilat sədri söyləyib ki, görkəmli oftalmoloq hər zaman tələbələri ilə danışanda vicdanın hər şeydən üstün olduğunu bildirirdi: "Zərifə xanım qeyd edirdi ki, həkim psixoloq olmalıdır. Zərifə xanım "Əqidə" kitabında əsl həkim olmağın mahiyyətini açıb. O SSRİ -də ilk mükafat alan xanımdır. Bu gün göz həkimləri onun metodlarından istifadə edirlər. Zərifə xanım Əliyeva həm də gözəl, qayğıkeş ana və həyat yoldaşı olub. O, hazırki Prezident İlham Əliyev kimi oğul yetişdirib. Zərifə xanım haqqında çox danışmaq olar. Zərifə xanım qısa ömür yaşamasına baxmayaraq, çox mənalı ömür sürüb. Bu gün ailə quran gənclərimiz ilk xeyr duanı Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevadan alırlar".

Yığıncaqda "Xüsusi Müalicə Sağlamlıq Kompleksi"nin həkim-oftalmoloqu Bahar Mustafayeva çıxış edərək, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Tədbirin sonunda çıxış edən YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü, "Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Ulu Öndər Heydər Əliyevin fikrinə isinad edərək bildirib ki, Azərbaycan xanımları dünyanın ən gözəl xanımlarıdır və bu gün Azərbaycan xanımının ən gözəl nümunəsi məhz Zərifə xanım Əliyevadır: "Bu gün Zərifə xanım haqqında danışarkən Onun portretini yaratmağa çalışırıq. Lakin Zərifə xanımla bağlı ən gözəl portret məhz özü tərəfindən yaradılıb. Azərbaycan ailəsi modeli Ulu öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva tərəfindən yaradılıb. Azərbaycan ailəsi modeli dünyada çox seçilir. Ulu Öndərlə Zərifə xanım Əliyevanın sevgisi hər kəs üçün nümunədir. O zaman Ulu Öndərə ən ağır məhdudiyyətlər qoyulsa da, Onlar öz yollarından, səmimi məhəbbətlərindən dönmədilər. Bu sevgi bizim gələcəyimiz üçün nümunədir. Zərifə xanım Əliyeva Prezident İlham Əliyevin lider kimi yetişməsində analıq missiyasını yüksək səviyyədə yerinə yetirib. Zərifə xanımın elmi ixtiraları bu gün öyrənilir, onlar üzərində yeniliklər aparılır. Görkəmli oftalmoloq öz vətəni üçün böyük işlər görüb".

Sonda Şəmsəddin Hacıyev yekun nitqi ilə çıxış edərək qeyd edib ki, bu gün dünyada böyük liderlərə ehtiyac var: "Lakin biz fəxr edə bilərik ki, Azərbaycanın akademik Zərifə Əliyeva tərəfindən tərbiyə edilən Prezident İlham Əliyev kimi lideri var. Azərbaycan hər gün dünyada fərqli rakursdan təqdim olunur. Bu, bizim qürurumuzdur".

O əlavə edib ki, Zərifə xanım Əliyeva kimi şəxsiyyətlər Azərbaycan qadının nə qədər əzəmətli olduğunu göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə