"AŞPA ölkələrin daxili işlərinə müdaxilə etmək məqsədi güdür" MÜNASİBƏT

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı təşkilatda islamofob meyillərin üstünlük təşkil etdiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

AŞPA-nın qardaş ölkəyə qarşı qəbul etdiyi qərarı qərəzli və ədalətsiz hesab edən Milli Məclisin deputatı söyləyib ki, AŞPA monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir: "AŞPA monitorinqləri müstəqil dövlətlərə təzyiq göstərmək, eləcə də onların daxili işlərinə müdaxilə etmək məqsədi güdür. Bunun nəticəsidir ki, Azərbaycan da zaman-zaman belə ədalətsizlik və ikili standartlarla üzləşib".

Z. Orucun sözlərinə görə, Türkiyə bağlı əsassız qərarın qəbul edilməsi qardaş ölkənin uzun illər ərzində keçdiyi yolu, regional təhlükəsizliyə verdiyi töhfələri heçə saymaq deməkdir: "Türkiyə bu şəkildə məhkəməyə çəkilə bilməz. Əksinə, bu ölkə beynəlxalq birlik tərəfindən ən yüksək yardımlara layiq görülməlidir. Çünki bu gün Yaxın Şərqdə sabitliyin təmini, miqrantlarla bağlı problemin həlli istiqamətində Türkiyənin gördüyü işlər göz qabağındadır. Söz yox ki, Türkiyənin getdikcə güclənməsi, onun əldə etdiyi uğurlar bir çoxlarını narahat edir. Buna görə də bu ölkə ilə bağlı belə cılız maneələr yaradılır. Amma bu cəhdlər əbəsdir. Türkiyənin daxili işlərinə qarışmaq, kənardan idarəçilik şərtləri diktə etmək yolverilməzdir. Bununla heç bir nəticəyə nail olmaq mümkün deyil. AŞPA heç bir halda məhkəmə təsisatı deyil və onun müəyyən dairələrin əlində siyasi təzyiq alətinə çevrilməsi çox acınacaqlı vəziyyətə gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə