AŞPA Türkiyə kimi böyük dövləti itirmək təhlükəsindədir AKTUAL+ANALİZ
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2004-cü ildən bu yana ilk dəfə Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərarı əlbəttə ki, bu qurumun səmimiliyinə inamsızlığı daha da artırmış oldu. Xüsusilə, dünyada qlobal siyasi böhranlar baş verərkən, eləcə də geosiyasi xəritədə Türkiyə kimi önəm daşıyan bir dövlətə qarşı "səlib yürüşünə" start verilməsi ümumiyyətlə, Avropa məkanına yaxşı heç nə vəd verə bilməz.
Baş verənlər "xristian klubunun" və ya xristian təəssübkeşliyinin rəsmiləşdirilməsi anlamını daşıyır
Eyni zamanda, adıçəkilən Avropa qurumu tərəfindən Türkiyə dövlətinə qarşı aşkar qərəzin reallaşdırılması həm də müsəlman ölkələrinə qarşı yeni və uğursuz planların tərkib hissəsi kimi qiymətləndirmək olar. Məhz bu səbəbdən, AŞPA-nın Türkiyədə monitorinqi bərpa etmək qərarı sözügedən amilləri özündə kifayət qədər ehtiva etməkdədir.
Başqa tərəfdən, bu gün Türkiyə kimi demokratiyası inkişaf etmiş, qanunları tamamilə Avropa standartlarına uyğun gələn, o cümlədən, Avropa Birliyinə namizəd olan bir ölkədə qanunlara və bütövlükdə idarəetmə sisteminə nəzarət monitorinqlərinin keçirilməsi qərarının verilməsi son illər Avropada formalaşan, hətta ayaq tutub yeriməyə başlayan "xristian klubunun" və ya xristian təəssübkeşliyinin rəsmiləşdirilməsi anlamını daşıyır. Siyasi təkəbbürlükdən doğan bənzər addım həm də belə düşünməyə zəmin yaradır ki, Avropanın siyasi cameəsi rəsmi Ankaranı həmin qərarı ilə bir növ, aşağılamağa, özündən aşağı səviyyədə göstərməyə cəhd edir.
Monitorinq qərarının ardınca, seçimin Türkiyədə deyil, Avropada olduğunu deyə bilərik
Lakin AŞPA həmin məsələdə yanlışlıq etməklə yanaşı, eyni zamanda regionda siyasi sabitliyə xələl vura biləcək, yeni siyasi qalmaqallara yol açacaq addıma getməsinin də fərqinə varmalıdır. Çünki Türkiyə dövləti heç vaxt avropalıların bu ölkədə monitorinq aparmasına, göstərişlər verməsinə izn verməz. Bu dövlətin tarixlərdən bəri təməlli əsaslara söykənən milli maraqları və belə desək, sərt, keçilməz ləyaqət və şərəf formulası mövcuddur ki, həmin formulanı aradan qaldırmaq Avropaya müsbət heç nə verməyəcək.
Digər tərəfdən, son bir ildə Türkiyədə cərəyan edən siyasi-ictimai proseslər – FETÖ olayları, onun ardınca isə referendum səsverməsindən öncə və sonra baş verən basqılar, hücumlar ölkə rəhbərliyi tərəfindən qətiyyətlə alındı. Prezident Rəcəb Tayyib Ərdoğanın geriyə çəkilməməsi, əksinə, hücum diplomatiyasını işə salması və ölkəsinin maraqlarını heç bir başqa siyasi maraqlara qurban verməməsi, gözlənilməz qərarlara imza atması onun ölkəsinin AŞPA üzvülüyndən çıxması ilə də nəticələnə bilər. Artıq, monitorinq qərarının ardınca, seçimin Türkiyədə deyil, Avropada olduğunu da deyə bilərik.
Ərdoğan zamanında Avropa İttifaqına üzvlüyə namizədlikdən də imtina edəcəyini bəyan etmişdi
Qısa haşiyə çıxaraq daha bir xatırlatmanı etmək yerinə düşərdi. Belə ki, Türkiyənin AŞPA üzvlüyü ilə yanaşı, bu ölkənin uzun illərdir Avropa İttifaqına (Aİ) namizədliyi də mövcuddur. Bu məsələdə Rəcəb Tayyib Ərdoğan dəfələrlə öz iradlarını bildirərək, ölkəsinin Aİ-yə üzv edilməsi prosesinin qəsdən ləngidilməsi barədə çoxsaylı bəyanatlar verib. Məsələn, Suriya və İraqda baş verən müharibələrdən qaçan yüz minlərlə insanın məhz Türkiyəyə sığınması üçün bu ölkənin rəhbərliyi ilə avropalı siyasilər arasında uzun danışıqlar aparılmışdı. Avropa İttifaqı Ərdoğana sözügedən istiqamətdə müəyyənləşdirilmiş rəqəmlərə söykənən maliyyə ayıracağını desə də, həmin vədinə xilaf çıxdı. Nəticədə Türkiyə dövləti böyük çətinliklər bahasına suriyalı, iraqlı qaçqınları düşərgələrə yerləşdirərək, humanizm addımlarını davam etdirdi. Hətta Ərdoğan Avropa İttifaqını ədalətsizlikdə günahlandıraraq, Türkiyənin 55 ildir bu quruma üzv yazılması üçün namizəd olduğunu xatırladıb və belə davam edəcəyi halda üzvlükdən imtina edəcəyini də istisna etməyib. Həmin fikirlərdən yalnız birini diqqətə götürək. SİTAT: "Avropa Birliyi ilk öncə güzgüdə özünə baxsın. Türkiyə 55 il əvvəl (Bu fikirlər 2014-cü ildə səslənib-red.) Avropa Birliyinə üzvlük üçün müraciət edib. 10 il əvvəl 17 dekabr 2004-cü il tarixində müzakirələrə başlama qərarı alındı. Getdik imzaları atdıq. 55 ildir xüsusilə son 10 ildir ki, bizim başımızı qatırlar. Biz Avropa Birliyinin qulu deyilik. Avropa Birliyinə qəbul etmirlərsə, etməsinlər. Bu sözlərimizdən narahat olurlar. Niyə narahat olursunuz? Siz Misirdə, Ukraynada, Suriyada, İraqda, Fələstində susdunuz. Nə vaxt ədalətli olacaqsınız?".
Göründüyü kimi, əgər Türkiyənin dövlət rəhbəri Aİ kimi quruma üzv olmaqdan imtina edəcəyini deyirsə, AŞPA da bu ölkə üçün demək olar ki, ciddi qurum qismində qəbul edilə bilməz.
Ancaq AŞPA-nın çıxış yolu var. Bu qurum ən azından, verdiyi qərarını dəyişməli və Türkiyəni siyasi nəzarətə götürmək iddiasından əl çəkməlidir. Əks durumda Avropa Şurasının işində ciddi fəsadlar yaranacaq. Çünki Türkiyə kimi böyük dövləti itirməli olacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB