Fuad Ələsgərov: "Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur" FOTOLAR!- YENİLƏNİB!
Bu gün "Korrupsiyaya qarşı idarəetmə sistemləri standartı" (İSO 37001) üzrə konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirak ediblər.
SİA xəbər verir ki, konfransda çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, bu gün Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkandır: "Dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindəndir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur".

F.Ələsgərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilib, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib: "Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş maarifləndirmə tədbirləri anti-korrupsiya siyasətimizin uğurlarındandır. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır. Bu sahədə olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapıb. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir".
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çıxış edərək bildirib ki, Azərbaycan açıq hökumət prinsipinin təşviqinə öz töhfəsini verib. Dövlət Komitəsinin sədri əlavə edib ki, 2016-cı il Azərbaycanda genişmiqyaslı iqtisadi islahatlar ili olub.
.jpg)
Baş prokurorunun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxışında bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə bir çox mühüm addımlar atılıb: "Azərbaycanda aparılan uğurlu antikorrupsiya siyasətinin nəticəsində Azərbaycan bir sıra mühüm beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Həmin qurumların hesabatlarında da Azərbaycanın göstəriciləri ildən ilə yaxşılaşır.

Sonra çıxış edən Britaniya Standartlaşdırma İnstitunun MDB və Baltikyanı ölkələr üzrə direktoru Dmitri Yertsev ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində apardığı tədbirləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, 5 ildir fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir. "ASAN xidmət"də "vətəndaş həmişə haqlıdır" əsas meyardır və "ASAN xidmət" modeli dünyada Azərbaycan brendi kimi tanınır. Artıq bir neçə ölkədə "ASAN xidmət" modeli tətbiq olunmağa başlanıb. "ASAN" xidmət korrupsiyaya qarşı mübarizə sahəsində mühüm vasitədir".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB