İkili standartlar siyasəti AŞPA-nın siyasi brendinə çevrilib ANALİTİKA

Avropa qurumunda qərəzkarlığın və islamafob meyllərinin artması məhz bu cür düşünməyə zəmin yaradır
İkili standartlar siyasəti AŞPA-nın siyasi brendinə çevrilib ANALİTİKA

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını verib və bu qərar istər qardaş ölkədə, istərsə də Azərbaycanda ədalətsizdir və qərəzli olaraq qiymətləndirilib. Belə ki, keçirdiyi müxtəlif adda tədbirlərində insan haqlarının və demokratik dəyərlərin müdafiəsi kontekstindən çıxış edən AŞPA-nın antisemitizm və ksenofobiyaya qarşı siyasət yürütməsi məhz bu qərardan sonra böyük şübhə altına düşür. Çünki ortada olan mövcud fakt da bu amili təsdiq edir. Ümumiyyətlə, AŞPA-nın sözügedən qərarı təşkilatda aşkar şəkildə islamofob meyllərin qalib gəldiyini, xüsusilə müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Hətta belə demək mümkündür ki, ikili standartlar siyasəti AŞPA-nın siyasi brendinə çevrilib.

Azərbaycanın ictimai rəyi bütün bunları elə də uzaq olmayan tarixdə görüb

Digər tərəfdən, artıq uzun illərin təcrübəsi də belə qənaətə gəlməyə əsas verir ki, AŞPA-nın monitorinqləri əslində, müxtəlif dairələrin mənafeyinə xidmət edir, eləcə də müstəqil dövlətlərə, xüsusilə qətiyyətli inkişaf maraqlarını reallaşdıraraq beynəlxalq aləmdə siyasi-iqtisadi gücə çevrilən müsəlman ölkələrinə qarşı təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Bu sıralamada isə Türkiyə ilə yanaşı Azərbaycanı da göstərmək mümkündür.

Belə ki, ölkəmizlə bağlı məsələyə gələndə bir çox arzuolunmaz hallar üzə çıxır. Azərbaycanın ictimai rəyi bütün bunları elə də uzaq olmayan tarixdə görüb. Misal üçün, qondarma "siyasi məhbus" oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirdi ki, bütün bunlar ikili standartların, qərəzin açıq göstəricisidir.

AŞPA-nın "xristian klubu" təsiri bağışlaması göz önündə canlanır

Halbuki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən, torpalarımızın 20 faizini zəbt edərək, minlərlə soydaşımıza terror aktı törədən, onlara qarşı qeyri-insani vəhşiliklər törədən, 1 milyondan çox azərbaycanlını doğma yurd-yuvalarından didərgin salan Ermənistana "gözün üstə qaşın var" deyən yoxdur. Üstəlik, bu ölkədə hakim rejimin sadə xalqına qarşı apardığı təcridetmə siyasəti, on minlərlə erməninin məcburi olaraq ölkələrini tərk etməsi faktları barədə AŞPA tərəfindən heç bir monitorinq aparılmır, qərarlar, qətnamələr qəbul edilmir. Məhz bütün bunları nəzərə alarkən, AŞPA-nın eyni zamanda bir "xristian klubu" təsiri bağışlaması göz önündə canlanır.

Beləliklə, 2001-ci ildən Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə etməsi barədə verilən sualın cavabı belədir – qərəzkarlıq! Çünki yuxarıda qeyd olunanlarla yanaşı, hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından yürütdüyü yanlış mövcud siyasəti kontekstindən ayrı heç nə gözləməyə dəyməz. Hətta belə demək mümkündür ki, Avropa dairələrinin həyata keçirdiyi siyasət ötən müddət ərzində Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdüb. Nəticədə Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan gözlənilənlərin əksinə olaraq yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilələr, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyaları ilə qarşı-qarşıya qalıb...

Avropa ölkələrindəki hakimiyyətlərdə rəsmiləşməyə başlayan anti-İslam siyasəti həm Türkiyəni, həm də Azərbaycan dövlətini düşünməyə və qəti qərar verməyə vadar edir

Belə olan halda istər-istəməz sual yaranır: bu gün İslam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?! Avropa ölkələrindəki hakimiyyətlərdə rəsmiləşməyə başlayan anti-İslam siyasəti isə artıq həm Türkiyəni, həm də Azərbaycan dövlətini düşünməyə və qəti qərar verməyə vadar edir. Belə ki, Azərbaycan Avropaya inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Çünki ölkəmizdə aparılan dönməz və qətiyyətli siyasət də məhz bu istiqamətdə formalaşıb.

İtirən Azərbaycan, yaxud da Türkiyə kimi dövlətlər deyil, siyasətlərində aşkar şəkildə "səlib yürüşünün" cücərtiləri görünən Avropa ölkələridir

Artıq baş verən reallıq həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, sözügedən çərçivədə öz milli dövlətçiliyini daha da gücləndirməlidir.

Beləliklə, itirən Azərbaycan, yaxud da Türkiyə kimi dövlətlər deyil, siyasətlərində aşkar şəkildə "səlib yürüşünün" cücərtiləri görünən Avropa ölkələridir. Bu səbəbdən, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməməklə yanaşı, eyni zamanda sözügedən ədalətsizliyə qarşı öz qətiyyəti mövqeyini ortaya qoyub, real seçimini edəcəkdir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə