Sevinc Fətəliyeva: "Münaqişələr uşaqlar üçün qorxulu yuxuya çevirilib"

Sevinc Fətəliyeva: "Münaqişələr uşaqlar üçün qorxulu yuxuya çevirilib"

"Son vaxta qədər "müharibə"sözü millətindən və dinindən asılı olmayaraq dünyada hər kəsi qorxudan və dəhşətə gətirən söz idi. Təəssüf ki, bu söz artıq tez-tez işlənən kəlmələrdən birinə çevirilib. Tədricən biz dözümsüzlük, qəddarlıq, düşmənçilik və nifrət kimi anlayışlara alışmışıq". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva AŞPA-nın yaz sessiyasında aparılan sərbəst müzakirələrdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Suriya, Ukrayna, Dağlıq Qarabağ və bir çox başqa yerlərdə minlərlə uşaqlar hücuma məruz qalır, onların həyatları alt-üst olur: "Azərbaycanda cəbhə bölgəsində yaşayan uşaqlar erməni silahlarının hədəfi olur, həyatlarını, doğmalarını itirirlər. Hər uşağın sağlamlığına, rifahına və gələcəyinə təsir edən dəhşətli nəticələr onların həyatında daim iz qoyur. Ətrafdakı güllə səsləri uşaqların həyatlarından faydalanmağa imkan vermir. Münaqişə zonalarından gələn dəhşətli xəbərlər almağa alışsaq da, bu yaxınlarda İdlibdə, Suriyada baş verən faciə bizi daha da sarsıtdı. Hər kəs ölümcül kimyəvi hücum nəticəsində gənclərin, uşaq və körpələrin şəhid olmasının görüntülərini gördü. Suriyada 6 il davam edən müharibə, Dağlıq Qarabağ, Ukrayna münaqişələri uşaqlar üçün artıq qorxulu yuxuya çevirilib. Bu, vəziyyətin nə qədər mürəkkəb olmasını və uşaqların yardıma ehtiyacı olduğunu göstərir".

S. Fətəliyeva artıq hərəkətə keçməyin zamanı olduğunu qeyd edərək münaqişələrin uşaqlara verdiyi zərbə və yaraların heç də asan keçməyəcəyini dilə gətirib: "Hər bir uşaq təhlükəsiz gələcəklə təmin olunmalıdır. Etiraf etməliyik ki, biz parlament assambleyası olaraq həmin münaqişələrin sülh yollu ilə həll edilməsinə təzyiq göstərə bilmirik. Bu gün biz özümüzə sual verməliyik. Uşaqları kifayət qədər müdafiə edə bilirikmi? Bəlkə bəyanət verməkdən çəkinərək real addımlar atmalıyıq? Biz bütün münaqişələrdə uşaqların təhlükəsizliyini təmin edərək, qorumaq üçün müəyyən siyasi qarar qəbul etməliyik. Yalnız bu yolla uşaqların təhlükəsiz gələcəyini təmin edə bilərik"!

Bütün xəbərlər Facebook səhifəmizdə