Siyavuş Novruzov: "Dini təbliğat xürafat deyil, savadlı şəkildə həyata keçirilməlidir"

Siyavuş Novruzov: "Dini təbliğat xürafat deyil, savadlı şəkildə həyata keçirilməlidir"

"Bu gün din məsələsi aktual məsələdir. Bu baxımdan biz "Dini etiqad haqqında" qanun layihəsinə dəyişiklik etməklə insanların bu sahədə savadlı şəkildə fəaliyyətinə şərait yaradırıq". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov komitənin bu gün keçirilən iclasında qanun layihəsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Ötən il dini ektstremizimlə bağlı qanunun qəbul olunduğunu xatırladan komitə sədri söyləyib ki, layihənin effektivliyi böyük olub: "Azərbaycanda bütün sahələrdə olduğu kimi, dini sahədə də uğurlu siyasət həyata keçirilir. Azərbaycan bu sahədə digər ölkələr üçün nümunədir. Bu il ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunub. Bir neçə gündən sonra ölkəmiz IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar göstərir ki, Azərbaycanda bütün dinlərə qarşı dözümlülük var. Biz də qanunlara dəyişiklik etməklə bu sahədə olan boşluqları aradan qaldırır, bütün din nümayəndələrinin azad şəkildə fəaliyyətinə imkan yaradırıq".

S.Novruzov bildirib ki, bu günədək xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının sayı 3000-dən çoxdur: "Bu gün Azərbaycanda 2500-ə yaxın məscid var. Bu məscidlərin 1500-i tam şəkildə fəaliyyət göstərir. Orada gündəlik, həftəlik ayinlər icra olunur, dini tədbirlər həyata keçirilir. Hələ bir müddət əvvəl "Dini etiqad azadlığı haqqında" qanuna xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının belə dini ayinləri aparmasına qadağa qoyan maddə əlavə edilmişdi. Xaricdə dini təhsil alan şəxslər var ki, onlar orada 3, 5, 8 il oxuyublar. Azərbaycana qayıtdıqda isə onlar öz baxışlarını da buraya gətirir və onu təbliğ etməyə çalışırlar. Bu da Azərbaycan Konstitusiyasına zidd olan məsələlər ortaya çıxarır. Amma vətənini sevən, tək dini deyil, dünyəvi təhsil alan şəxslər də var ki, biz bununla onların da fəaliyyətini məhdudlaşdırmışdıq. Bunun da nəticəsində onlar ya Azərbaycandan getmiş olurdular, ya da başqa qruplarda fəaliyyətini davam etdirməli olurdular. Biz çalışmalıyıq ki, belə vətəndaşların bacarıqlarından istifadə edilsin. Dini təbliğat xürafat şəkilində deyil, savadlı şəkildə həyata keçirilsin və buna görə də bu cür insanlara şərait yaratmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə