"Prezidentin Cocuq Mərcanlı ilə bağlı fikirləri düşmənə mesaj idi" AÇIQLAMA
"Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi kimi, Cocuq Mərcanlı kəndinin bərpası həqiqətən də tarixi hadisədir". Bunu SİA-ya Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Ölkə başçısının hökumətin ilin I rübünə dair iclasında Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı səsləndirdiyi fikirlər işğalçı Ermənistana ünvanlanıb: "Azərbaycan prezidenti bir daha bəyan etdi ki, ölkəmiz özünün bu addımı ilə hər qarış torpağının onun üçün nə qədər əziz olduğunu göstərdi. Bundan əlavə Dövlət başçısı bildirdi ki, Azərbaycan işğal altında olan torpaqlarını işğaldan azad edəcək, bu torpaqlarda yüksək səviyyədə işlər görüləcək.
İşğaldan azad olunacaq ərazilərdə yaşayış evləri bərpa olunacaq, infrastrukturlar ən yüksək səviyyədə qurulacaq. Bu, Azərbaycan xalqının və dövlətinin torpağın müqəddəsliyi uğrunda çalışdığını, mübarizə apardığını sübut edir. Ölkə başçısı çıxışında məhz bu mesajları vermiş oldu. Azərbaycan prezidenti həmçinin çıxışında alış istiqamətində işğaldan azad olunan torpaqlarda da abadlıq, quruculuq işlərinin başlanacağını qeyd etdi. Bu da onu göstərir ki, ərazi bütövlüyümüz təmin olunana qədər işğaldan azad olunan ərazilərimiz ən yüksək səviyyədə yenidən qurulacaq".
Prezident İlham Əliyevin iclasda çıxışında Ermənistanın təxribatları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən E. Məmmədov söyləyib ki, Azərbaycan Prezidentinin də söylədiyi kimi, düşmən tərəfi bütün istiqamətlərdə uğursuzluqlara düçar olduqları üçün danışıqlardan qaçmağa cəhd göstərir: "Ancaq buna nail ola bilməyəcəklər. Azərbaycanın uğurları, inkişafı gücü və ölkəmizin torpaqları uğrunda apardığı məqsədyönlü iş onları danışıqlar masasında oturtmağa məcbur edəcək. Düşmən ölkə Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB