Səfir: "ABŞ-la terrorçular arasında koordinasiya mövcuddur"

“Nə zaman ki, Suriya ordusu qarşıya qoyulan məqsədlərə nail olursa, ABŞ administrasiyası müdaxilə etmək üçün bəhanələr axtarır”
Səfir: "ABŞ-la terrorçular arasında koordinasiya mövcuddur"

Şəyrat aviabazasına edilən hücum bir daha onu sübuta yetirdi ki, ABŞ-la terrorçular arasında koordinasiya mövcuddur. SİA "vesti.ru"-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyada dərc edilən "İzvestiya" qəzetinə müsahibəsində Suriyanın bu ölkədəki səfiri Riyad Həddad deyib. Suriyalı diplomat sözügedən müsahibəsində bildirib ki, artıq raket zərbələri nəticəsində terorrçular hücuma keçmişdilər və bu, onların əvvəlcədən hava zərbələrinin olacağını bildiklərindən xəbər verir.

"Baş verənlər bilavasitə beynəlxalq hüququn pozulmasıdır"-deyə Həddad müsahibəsində bəyan edib.

Səfirin sözlərinə görə, ABŞ-ın raket zərbələri Suriya dövlətinin Rusiyanın hərbi kosmik qüvvələri ilə birgə ölkənin Dəməşq və Həma şəhərlərində əldə etdiyi uğurlara görədir: "Nə zaman ki, Suriya ordusu qarşıya qoyulan məqsədlərə nail olursa, ABŞ administrasiyası müdaxilə etmək üçün bəhanələr axtarır".

ABŞ-ın Suriyanın Şəyrat aviabazasına endirdiyi qanadlı raket zərbələri nəticəsində hərbi müəssisənin tamamilə sıradan çıxdığı bildirilir. Belə ki, qalxış-eniş zolaqları, yanacaq çənləri dağıdılıb, havadan müdafiə obyektləri sıradan çıxarılıb. Hücum nəticəsində insan itkisi də olub. Belə ki, hadisədə 9 nəfər suriyalı hərbçi həyatını itirib.

Suriya səfiri daha öncə ruslarla amerikalıların Suriya üzərində hərbi məqsədli uçuşlar etməməsi haqqında memorandumun dayandırılmasının Rusiya tərəfindən qəbul edilməsi qərarının doğru olduğunu qeyd edib. Onun sözlərinə görə, Suriyanın legitim hökumətinin tərəfdarı olan Rusiya bölgədə terrorla mübarizədə səylərini göstərməkdədir: "Əgər ABŞ başda olmaqla, koalisiya gücləri terrorla mübarizə aparan ordumuza zərbə vurmağa cəhd edirsə, bizimlə ittifaqda olanların müdafiəyə qalxması doğru addımdır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə