"Terror aktı Kremlə bir siqnal və təzyiq vasitəsidir" MÜNASİBƏT

"Terror aktı Kremlə bir siqnal və təzyiq vasitəsidir" MÜNASİBƏT

"Sankt-Peterburqda baş vermiş terror hadisəsi mənim üçün gözlənilən idi. Çünki bu gün Avropanın ayrı – ayrı şəhərlərində , Türkiyədə baş verən terror hadisələri əvvəl – axır Rusiyada da baş verməli idi. Rusiya Suriyada fəal olaraq hərbi əməliyyatlarda iştirak edir, İŞİD və digər terrorçu qruplarla mübarizə aparır. Digər tərəfdən isə, uzun müddət idi ki, Rusiyada bu dərəcədə genişmiqyaslı terror aktları baş vermirdi. Sonuncu dəfə 2013 –cü ildə Volqoqradda 32 nəfərin həyatına bayis olmuş partlayışlar baş vermişdi. Ən yeni Rusiyanın tarixinə nəzər salarkən də, biz Rusiyanın ayrı – ayrı şəhərlərində əsasən çeçen məsələsi ilə bağlı terror aktlarını görə bilərdik". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə Volqoqradda baş verən partlayışlardan sonra ən böyüyüdür: "Mən daha bir terror aktının olacağını da istisna etmirəm. Bəzi KİV-lərdə ikinci terror aktının qarşısının alındığı deyilir. Hər necə olur olsun, dünənki terror aktı Kremlə bir siqnal və təzyiq vasitəsidir. Versiyalar sırasında çeçen faktoru, hakimiyyətin özü tərəfindən törədilib kimi fikirlər də yer almasına baxmayaraq, terrakt çox güman ki, İŞİD tərəfindən törədilib. Son bir il ərzində Moskva İŞİD-ə ən böyük zərbə vuranlar içərisində bəlkə də birincisinə çevrilib. Bunu deməyə həm də İŞİD-in bir neçə həftə əvvəl Rusiyanı təhdid etməsi əsas verir. Hamıya məlumdur ki, İŞİD-in əsas güc mənbələri, mahir döyüşçüləri elə Rusiyadan və MDB dövlətlərindən çıxan "cihadçılar"dır".

Z.Məmmədov hesab edir ki, partlayışın məhz Rusiyadakı mitinqlər və prezidentin Sankt-Peterburq şəhərində olduğu zaman törədilməsi və bu şəhərin seçilməsi təsadüfi deyil: "Lukaşenko və Putin arasındakı görüş ərəfəsində şimal paytaxtına çoxlu sayda KİV nümayəndələri gəlmişdilər. Eyni zamanda unutmaq olmaz ki, məhz Rusiyanın köməyi ilə bu gün Suriyada İŞİD-ə qarşı uğurlu mübarizənin şahidiyik. Suriyada vətəndaş müharibəsi tədricən Əsədin lehinə istiqamətlənən zamanda yüzlərlə terror şəbəkəsi üzvünün Rusiyaya qayıdaraq Kremlə cihad elan etmələri məlum məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə