“Problemin sülh yolu ilə həllini tapacağına ümid edirik” Riyaz Sarıkhaya

“Problemin sülh yolu ilə həllini tapacağına ümid edirik” Riyaz Sarıkhaya

"Kərkükdə dövlət qurumlarının üzərinə kürd muxtariyyətinin bayrağının asılması İraq Konstitusiyasına və mövcud olan digər qanunlara ziddir". Bunu SİA-ya açıqlamasında İraq türkmənlərinin lideri Riyaz Sarıkahya deyib.

Onun sözlərinə görə, bu məsələyə Bağdad hökumətinin sözçüsü və BMT-nin İraqdakı təmsilçisi də etiraz edib: "Kərkük qədim türkmən şəhəridir. Bura türkmən elinin qəlbi və mərkəzidir. Kərkükə kürd bayrağının asılması türkmən və ərəblər tərəfindən təpki ilə qarşılandı. Kərkük il məclisi də bu qərarı boykot etdi. İraqda fəaliyyət göstərən türkmən partiyaları rəsmi qurumlar üzərindən ya kürd bayrağının enməsini, hamımızı təmsil edən İraq bayrağının qalmasını, ya da kürd bayrağının yanında türkmən bayrağının da asılmasını tələb etdilər. Ümid edirik ki, kürd partiyaları bu haqlı mövqeyimizdə bizimlə anlaşacaq və problem sülh yolu ilə həllini tapacaq. Əks halda, Kərkükdə gərginlik davam edəcək. Biz türkmənlər, bu məsələdə qətiyyətli mövqe tutmuşuq. Kərkük ya hamımızındır, ya da heç kimin deyil".

O bildirib ki, Kərkük valisi böyük bir fitnə yaratdı, inşallah sonu xeyirli olar: "Hazırda kürdlərlə danışıqlar davam edir, məsələ çox həssas və ciddidir. Əgər danışıqlarla problem həllini tapmasa, o zaman qan tökülə bilər. Biz kürdlərlə qardaş kimi barış içində yaşamaq istəyirik. Ümid edirik ki, bizimlə anlaşarlar və birtərəfli hərəkət etməzlər".

O, Türkiyə dövlətinə də təşəkkürünü bildirib: "Türkiyə dövləti baş verənlərə etiraz etdi, hər zaman bizim yanımızda oldu. Eyni yanaşmanı digər türk dövlətlərindən də gözləyirik. Hazırda çox çətin günlər yaşayırıq. Eyni millətin üzvləri kimi bu çətin gündə bir-birimizə kömək etməliyik".

Qeyd edək ki, artıq bir müddətdir Kərkükdə dövlət qurumları üzərindən türkmən bayrağları enirilib kürd bayraqlarının saxlanılması bölgədə gərginlik yaradıb. Hazırda bununla bağlı danışıqlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə