Penitensiar xidmətdə soyqırımı qurbanları anılıb

Penitensiar xidmətdə soyqırımı qurbanları anılıb

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün növbəti ildönümü ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar xidmətində anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, 1918-ci il martın 31-də bolşevik-daşnak birləşmələri tərəfindən qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir
.
Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov toplantını açaraq qeyd etmişdir ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqının və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür və XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Xüsusilə vurğulanmışdır ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verilmişdir. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur. Erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından proqram sənədidir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu iş sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla və cəsarətlə yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan həqiqətləri bu gün bütün dünyaya çatdırılır, erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət güclənir.

Tədbirdə iştirak edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən ətraflı məlumat vermiş, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan ətraflı bəhs edib.

Tədbirin sonunda 31 Mart – Azərbaycanlıların soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə