"Ermənistan Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa çalışır" ŞƏRH

"Ermənistan Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa çalışır" ŞƏRH

"Ermənistanda baş verənlər oradakı vəziyyətin mürəkkəbliyini göstərir. Ermənistanı bu vəziyyətə salan onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləridir ki, onlar bundan çıxış yolu axtarırlar". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Ermənistan iqtidarı bütün bunlara baxmayaraq münaqişənin həlli ilə bağlı müharibədən başqa yeni heç nə təklif etmir.

Politoloqun sözlərinə görə, artıq Ermənistan cəmiyyəti, eləcə də müxalif qruplar bu yolun düşmə ölkəni yalnız uçuruma apardığını başa düşdükləri üçün konstruktiv mövqe sərgilənməsini təklif edirlər: "Çox təəssüf ki, Ermənistanda konstruktiv qüvvələrin sayı, maliyyə imkanları, inzibati resurs amili dekonstruktiv qüvvələrinkindən güclü deyil".

Son 1 il ərzində Ermənistanın xüsusi xidmət orqanları tərəfindən represiyaların aparıldığını deyən İ. Vəlizadə söyləyib ki, əgər düşmən ölkədən olan hər hansı bloger, jurnalist Azərbaycanla "Skype" vasitəsilə ünsiyyətə girirsə, o zaman onlara qarşı orada həbs tədbirləri görülür, kampaniyalar aparılır: "Bu proseslər təkcə Ermənistanda deyil, Dağlıq Qarabağda da aparılır. Hazırda Sarkisyan və onun havadarları Ermənistanı hərbi cəmiyyətin yaradılması tendensiyasına sürükləyirlər. Ter-Petrasyan və onun tərəfdaşları isə vəziyyətdən sivil çıxış yolu möveyini irəli sürürlər. Əlbəttə ki, Sarkisyanın əsas dayağı həbçi siyasi dairələr olduğu üçün o, tez-tez hərbi terminlərdən istifadə edərək hədə-qorxu gəlməyə çalışır, hətta terrorçuluqla bağlı ifadələr də işlədir. Bu da Ermənistanın siyasi elitasında mövcud olan ab-havanı göstərir. Təbii ki, bunlar Azərbaycan tərəfindən cavabsız qala bilməz. Amma bütün bunlara beynəlxalq aləm reaksiya verməli, fikirlərini bildirməlidir".

Ermənistanın Azərbaycana qarşı "İsgəndər" silahından istifadə edəcəkləri ilə bağlı məsələyə fikirlərini bildirən politoloq söyləyib ki, əgər Rusiya həqiqətən də bu silahı Ermənistana veribsə, onu müdafiə məqsədilə verib, daha Dağlıq Qarabağda Azərbaycana qarşı istifadə etmək üçün verməyib: "Əgər Rusiya bunu edirsə, o zaman bu, Azərbaycan Rusiya münasibətlərinə xələl gətirə bilər. Bu, kompleks məsələlərdir. Ermənistan silahdan adından istifadə edərək Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. Ümumiyyətlə, inanmıram ki kimsə Ermənistana "İsgəndər" silahından Azərbaycana qarşı istifadə etməsinə imkan versin. Bütün bunlar boşdur. Hətta bu silahların Ermənistana verilməsinə belə inanmaq çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə