Bu gün İçərişəhər Cümə məscidində cümə namazı qılınıb. SİA-nın məlumatına görə, məscidin icma rəhbəri Hacı Surxay Məmmədli xütbə edərək bildirib ki, 1918-ci ildə erməni daşnaklarının törətdikləri müqayisə olunmaz vəhşilikləri nəticəsində on minlərlə insanlarımız – qocalar və uşaqlar, gənclər həyatlarını itirərək şəhid oldular. Bu, acı da olsa bizim tariximizdir və hər bir azərbaycanlı bu tarixi unutmamalı, yaddaşlarda saxlamalıdır. Çünki ermənilər zaman-zaman öz vəhşilik və qaniçənlik siyasətləri ilə xalqımızı hədəfə alaraq bu mənfur əməllərini törədiblər: "Bu gün Azərbaycanın bütün bölgələrində və dünyanın bir sıra ölkələrində 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın digər bölgələrində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi qurbanlarının xatirəsi gününə həsr edilmiş tədbirlər keçirilir. Həmin zaman erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı analoqu olmayan qəddarlıqlar həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılaraq dağıdılmış, milli mədəniyyət abidələri məhv edilib. Onların əziz xatirəsini yad etmək bu gun biz müsəlmanları borcudur".
Surxay Məmmədli ötən ilin aprelində Qarabağ cəbhəsində ermənilərin təxribatçı-diversiya qrupunun növbəti dəfə etdikləri cəhdin qarşısının Azərbaycan əsgəri tərəfindən şücaətlə anıldığını da xatırladaraq deyib ki, Vətən və torpaq uğrunda canından keçən əsgər və zabitlərimiz əbədi olaraq hər bir vətənsevər vətəndaşımızın qəlbində yaşayacaq, anılacaq.
Məscidin icma rəhbəri vurğulayıb ki, bu gün güclü Azərbaycan dövləti var və bu dövlətin sərhədləri göz bəbəyi kimi qorunur. Belə ki, lazım olarsa hər kəs əlinə silah alıb Azərbaycanın bütövlüyü və təhlükəsizliyi uğrunda mənfur düşmənə cavab verməyə hazır olmalıdır.
Cümə xütbəsindən sonra mart soyqırımı və aprel şəhidlərinin ruhlarına dualar oxundu, onlara Allahdan rəhmət diləndi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB