"Bölgələrimizdə işsizlik problemi həllini tapmaqdadır" AÇIQLAMA

"Bölgələrimizdə işsizlik problemi həllini tapmaqdadır" AÇIQLAMA

"Azərbaycan prezidentinin Saatlıda Pambıqçılığın inkişafı ilə bağlı keçirilən müşavirədə söylədiyi fikirlər hər zamanki kimi diqqət çəkən və yadda qalan oldu. Xüsusilə Ölkə başçısının bölgələrimizdə iş yerlərinin açılması ilə bağlı fikirləri vətəndaşlarımız tərəfindən hər zaman rəğbətlə qarşılanır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Jalə Əliyeva deyib.

Deputat bildirib ki, bölgələrimizdə böyük sənaye obyektləri, zavod və fabriklər olmadığı üçün orada yaşayan vətəndaşlarımız əvvəllər iş yerlərinin təmin edilməsi baxımından müəyyən problemlərlə qarşılaşırdılarsa, artıq bu problem həll olunmaqdadır.

Onun sözlərinə görə, xüsusilə də son illər ərzində Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində bölgələrimizdə unudulmaqda olan baramaçılığın, pambıqçılığın və digər sahələrlə bağlı sərəncamlar bu sahələrin dirçəlməsinə səbəb olub: "Bilirsiniz ki, vaxtilə Azərbaycan Ulu Öndərin hakimiyyəti dövründə pambıqçılıqla məşhur olmaqla yanaşı, Rusiyanın milli sənayesini təmin edib. Lakin sonradan bu sahə unudulub. Hazırda Azərbaycan prezidenti bu sahələrin inkişafına xüsusi diqqət ayırır. Bu sahələrin inkişafı bölgələrimizdə işsizliyin aradan qaldırılmasına böyük imkanlar açıb. Bununla bağlı vətəndaşlarımız öz minnətdarlıqlarını bildirirlər. Görülən işlər nəticəsində bölgələrimizdə yaxın zamanlarda daha geniş iş yerlərinin açılması gözlənilir ki, bütün bunlar vətəndaşlarımızda böyük sevinc hissi doğurur".

Regionlarımızın sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla icra edildiyini deyən J. Əliyeva söyləyib ki, görülən işlər nəticəsində bir çox sahələrdə nailiyyətlər əldə edilib: "Bölgələrimizdə görüşlər keçirən insan olaraq biz bunu daha çox anlayırıq. Əgər bir neçə illər bundan öncə seçicilərlə görüşə gedəndə onların təklifləri arasında infrastrukturla bağlı su, qaz, işıq, məktəb, xəstəxana və digər məsələlərlə bağlı problemlər yer alırdısa, hazırda bunların heç biri yoxdur. Artıq seçicilərimizdən gələn məktubların sayı belə azalıb. Çünki Azərbaycan Prezidentinin rəhbərliyi ilə bu sahələrdə mövcud olan problemlər öz həllini birdəfəlik tapıb. Bu gün ölkəmizin ən ucqar kəndində belə işıq, qaz problemi yoxdur. Bu gün regionlarımızda görülən işlər nəticəsində bölgələrimiz şəhərdən fərqlənmir, yollar, körpülər salınıb. Bütün görülən işlər təbii ki, insanlarımızın sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə