Prezident həbs ediləcək ORDER YAZILIR

Prezident həbs ediləcək ORDER YAZILIR

Yaponiyanın "Kiodo" agentliyinin məlumatına görə, Cənubi Koreya prokurorluğu məhkəməyə eks-prezident Pak Kın Xenin həbsi üçün rəsmi həbs orderinin verilməsi müraciətini göndərib. Belə ki, ölkənin sabiq rəhbərinin həbsinin mümkünlüyü hələ ötən həftənin çərşənbə günü, martın 22-də - saatlarla çəkən istintaq sorğusundan sonra bəlli olub. SİA xəbər verir ki, bu barədə TASS agentliyi yazır.

Qeyd edək ki, ötən ilin dekabrında Cənubi Koreya parlamenti Pak Kın Xenin impiçmentinə səs verib. O, hakimiyyətdən sui-istifadədə, korrupsiyada, dövlət qanunlarını pozmaqda ittiham olunur.

Cənubi Koreyanın qanunvericiliyinə görə, dövlət başçısının növbədənkənar seçkisi Konstitusiya məhkəməsinin qərarının üzərindən 60 gün sonra keçirilə bilər.

Xatırladaq ki, Pak Kın Xe ətrafında yaranan qalmaqal 2016-cı ilin oktyabrında baş qaldırıb. Həmin vaxt mətbuatda sabiq prezidentin yaxın rəfiqəsi Çxve Sun Silin dövlət başçısına təsirinin olması barədə yazılar dərc olundu. Belə ki, aparılan araşdırmalardan sonra bir neçə il ərzində Çxve Sun Silin dövlət idarəçiliyinə müdaxilələri və siyasi məsələlərdə qərarların qəbulunda detallar ortaya çıxmışdı.

O cümlədən, prezidentin rəfiqəsi Samsung da daxil olmaqla bir neçə aparıcı şirkətlərə təsir etməklə rəhbərlik etdiyi fondlara on milyonlarla dollar məbləğində pulların köçürülməsinə nail olmuşdu.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə