Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, dövlətlərin daxili işlərinə qarışmayan, yalnız beynəlxalq hüquqi norma və prinsiplərindən çıxış edən Azərbaycan dünyanın müxtəlif ölkələrində mövcud olan münaqişələrin aradan qaldırılması üçün BMT-nin qəbul etdiyi qətnamələri və onların tez bir vaxtda yerinə yetirilməsini dəstəkləyir. Buna baxmayaraq, BMT vaxtilə İraqın dərhal cazalandırılmasına rəvac verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin də təxirəsalınmadan yerinə yetirilməsi üçün prinsipial mövqe nümayiş etdirmir. Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə dərhal icra olunduğu halda, BMT-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi dörd qətnamə 20 ildən çoxdur ki, yerinə yetirilmir: "Baxmayaraq ki, BMT-nin bu qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı bir daha vurğulanıb, hərbi əməliyyatlara son qoyulması və Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması tələbləri irəli sürülüb. Bütün bunların nəticəsidir ki, hazırda BMT-nin ikili standartlardan kənar, müstəqil bir qurum kimi fəaliyyət göstərməsi üçün təşkilatda ciddi islahatların aparılması, onun yenidən strukturlaşması və fəaliyyət strategiyasında köklü dəyişikliklərin edilməsi zərurəti ortaya çıxıb".
Ə. Həsənov vurğulayıb ki, hələ keçən əsrin 1960-cı illərindən başlayaraq BMT-də dəyişikliklərin aparılması, xüsusilə Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılması məsələsi geniş müzakirələrə səbəb olub: "XXI əsrin başlanğıcında Minilliyin Bəyannaməsinin qəbul edilməsindən sonra BMT-də islahatların aparılması məsələsi daha aktuallaşıb. Hazırda bir çox ölkələr hesab edir ki, yalnız 5 dövlətin BMT-nin daimi üzvü kimi veto hüququna sahib olması və ümumiyyətlə təşkilatın daimi üzvlüyünə qəbul olunmaq meyarı ədalətli deyil. Digər tərəfdən, BMT-nin hansısa ciddi qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 15 daimi üzvünün konsensusa gəlməsindən asılıdır ki, bu da təşkilatın çevik və dinamik fəaliyyətinə böyük maneçilik yaradır. Təhlükəsizlik Şurasına üzv bütün dövlətlərin heç də hamısının veto hüququna malik olmaması bəzi hallarda ədalətsiz qərarların qəbuluna gətirib çıxarır".
Ə. Həsənov Azərbaycan dövlətinin də dünyanın bütün regionlarında münaqişələrin aradan qaldırlması, sülhün və sabitliyin etibarlı şəkildə təmin olunması üçün BMT-də islahatların aparılması ideyasını dəstəklədiyini nəzərə çatdırıb: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının təkmilləşdirilməsinin, onun tərkibinin genişləndirilməsinin, iş metodlarının şəffaf olmasının, XXI əsrin təhdidlərinə və çağırışlarına çevik şəkildə münasibət göstərərək, əməli addımlar atmasının tərəfdarıdır. Azərbaycanın mövqeyinə görə, islahatların aparılması BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi və onların həyata keçirilməsi ilə bağlı işlək mexanizmlərin hazırlanması üçün əlverişli imkanlar yarada bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB